22 Dekabr 2024

Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edir. Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdir. Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan Dövlət Bayrağımız qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında üçrəngli bayrağımız ikinci dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Həmin sessiya Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə edilməsi, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbulu ilə əlamətdar olmuşdur.

“Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənc nəsil bunu dərk etsin, qiymətləndirsin…”,- deyən ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edilmişdir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir.

Görkəmli dövlət xadiminin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə olan münasibəti, milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Dövlət başçısı 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncam imzalamışdır.

Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılır. Bu gün fəxrlə deyirik, Azərbaycanın üçrəngli Dövlət Bayrağı bütün ərzilərimizdə dalğalanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.”

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı