20 Sentyabr 2024

Bayden Navalnıya görə Putinə cəbhə açdı – sanksiyalar Rusiyaya nə vəd edir?

Co Bayden açıq şəkildə Putinə “müharibə” elan etdi desək, çox da yanılmarıq. ABŞ prezidenti müxalif bloger Aleksey Navalnının həbsinə görə Rusiyaya sanksiya tətbiq etməklə “soyuq müharibə”nin yeni mərhələsinə start vermiş oldu.

Ağ Ev rəhbərinin Amerikanın müttəfiqi Səudiyyə Ərəbistanına qətlə yetirilən jurnalist Camal Qaşıqçıya görə təzyiqlərə başlaması, digər cəbhədə bloger Navalnının həbsi səbəbindən Rusiyaya sanksiyalar qoyması göstərir ki, Baydenin xarici siyasət istiqamətləri Trampdan çox fərqlənəcək.

“Yeni Müsavat”ın məlumatına görə, Bayden administrasiyası martın 2-də Rusiya müxalifət lideri Aleksey Navalnıya qarşı sui-qəsd cəhdində rol oynadıqlarını bildirərək, bir neçə fiziki şəxs və quruma qarşı sanksiyalar tətbiq etdiyini elan edib.

Sanksiyalar Navalnının işi ilə əlaqədar Rusiyanın bir neçə rəsmisinə qarşı sanksiya tətbiq edən Avropa İttifaqı ilə koordinasiya olunub. “Biz Rusiyaya kimyəvi silahlardan istifadəsinin nəticələri olduğuna dair aydın bir siqnal göndəririk”, administrasiyanın yüksək səviyyəli rəsmisi bildirib.

Natiq Cəfərli. Foto: şəxsi arxiv / facebook · Mikroskop

Natiq Cəfərli: “Rusiya buna öyrəşib, daha kəskin gözləyirdilər, qorxusu bank sektoru və ”Şimal axını -2” layihəsi idi”

Prezident Co Baydenin sanksiya qərarı onun sələfi Donald Trampdan fərqli olaraq daha sərt mövqe tutmasına işarədir. Tramp avqustda baş verən hadisəyə görə Rusiyanı cəzalandırmamışdı.

Kreml isə bildirir ki, ABŞ-ın yeni sanksiyaları heç bir məqsədə nail olmamaqla yanaşı, gərgin olan münasibətləri daha da pisləşdirəcək. Moskva ABŞ-ın yeni sanksiyalarını Rusiyaya hücum kimi qiymətləndirir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. “Moskva ABŞ-ın yeni sanksiyalarına dözmək niyyətində deyil və buna qarşılıqlı əlaqə prinsipi əsasında reaksiya verəcək. ABŞ-ı odla oynamamağa çağırırıq”, – bəyanatda bildirilib.

Baydenin bu addımından sonra Navalnı azadlığa buraxıla bilərmi? ABŞ-Rusiya münasibətləri yeni prezidentin dönəmində necə inkişaf edəcək?

Vaşinqtonun sanksiya qərarı əlaqələri yaxın 4 ildə daha da ağırlaşdıra bilərmi? Moskvaya bu sanksiyalar nə kimi təsir edəcək? REAL Partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, bu, Rusiya əleyhinə ilk sanksiya deyil. Onun sözlərinə görə, əvvəl də olub, yenə də olacaq: “Rusiya mediasından izləyirəm ki, ABŞ-ın qərarına bir qədər təəccübləniblər. Çünki Rusiyanın maliyyə sektoruna kəskin sanksiyalar gözləyirdilər. Amma daha yumşaq sanksiya oldu, bir neçə şəxsə şamil edildi.

Sadəcə, “Maqnitski aktı”ndan sonra o siyahıya yenilər əlavə olundu. Həmin şəxslərin Amerika və Avropaya girişi qadağan edildi, hesabları donduruldu. Onlar da çoxdan bunu bilirdilər, bəlkə də əmlaklarını qohumlarıınn adlarına rəsmiləşdiriblər”.

N.Cəfərli hesab edir ki, onların arasında yüksək vəzifəli şəxslər var, bu da ölkənin imici baxımdan mənfi təsir edəcək, amma Rusiya sanksiyalara öyrəşib: “Kremlin qorxduğu bank sektoru və ”Şimal axını -2″ layihəsi  ilə bağlı idi. Ancaq görünən budur ki, Avropa Birliyi və ABŞ Rusiyanın sərt sanksiyaların orbitindən qopub düşəcəyini güman edərək gələcəkdə danışıqlar üçün əl yeri qoydular”.

Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ  - Modern.Az Azərbaycan və dünya xəbərləri

Qabil Hüseynli: “Ağ Ev sözçüsü dedi ki, İran məsələsində Rusiya ilə əməkdaşlıq edəcəyik, bir yandan təhdid edir, o yandan əməkdaşlıq…”

Politoloq Qabil Hüseynlinin fikrincə, tərəflər ikibaşlı siyasət yürüdür: “Ağ Ev sözçüsü dedi ki, İran məsələsində Rusiya ilə əməkdaşlıq edəcəyik. Bir yandan təhdid edir, o yandan əməkdaşlığın vacibliyindən danışır. Amma Navalnı məsələsində Qərbin mövqeyi birmənalıdır. Onlar hesab edir ki, bloger təxirə salınmadan azad olunmalıdır və insan haqlarına hörmət edilməlidir”. Ekspertin fikrincə, bəzi şərhçilər Rusiya-ABŞ əlaqələrini gərgin hesab edirlər, hətta əl altından müharibə variantlarını imtiyasiya etdiklərini, təlim keçdiklərini yazırlar: “Yəni hər iki dövlət müharibə variantının gündəmdə olduğunu qəbul edir, ordunu, təhlükəsizlik qüvvələrini hazırlayırlar, müəyyən sınaqlardan keçirirlər.

Təbii ki, dünyada bu iki ölkə arasında gərginlik olduqca yüksək səviyyəyə çatıb. Amma fikrimcə, müharibənin olması mümkün deyil. Çünki nə Putin, nə Bayden ölkələrinin nüvə külünə çevrilməsini istəməzlər. Ona görə müəyyən həddə qədər bir-birini sıxışdıracaqlar, qarşı tərəfi güzəştə getməyə məcbur edəcəklər, amma nüvə düyməsinin basılması bəşəriyyət üçün fəlakət deməkdir. Ağlını itirmiş adamlar bu düyməni basmağa cəsarət edə bilərlər. O səbəbdən Rusiya və ABŞ kompromis tapacaqlar”. 

Ramiyə Məmmədova: “ABŞ yetərincə demokratik deyil”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Navalnı sanksiyalar üçün ABŞ-ın əlində yaxşı “kozır” oldu. Onun fikrincə, Bayden Moskva ilə münasibətləri bir qədər də gərgin fazaya keçirəcək: “Demokratlar ABŞ-ın dünyadakı supergüc obrazını qaytarmağa can atırlar. Onların İran siyasəti, Səudiyyəyə basqıları, Ankara və Kremlə təzyiqləri Tramp dönəmində Amerikanın zəifləmiş mövqeyini möhkəmləndirməyə hesablanıb.

İkincisi, seçkidən sonra ABŞ demokratiya məsələsində hansı problemlərlə üzləşdiyini anladı və Bayden onu düzəltməyə məcburdur, o səbəbdən Navalnı işində insan haqlarının mələyi kimi çıxış edir.

Bütün bunlar göstərir ki, Amerika qayıdır, bir az sonra Cənubi Qafqaz siyasətinə də müdaxilə edəcək, regionda görünməyə başlayacaq”. Qeyd edək ki, Navalnı avqustun 20-də Sibirin Tomsk şəhərində dövlətdəki korrupsiya ilə bağlı son istintaqını apararaq, Moskvaya qayıdarkən təyyarədə çox ağır xəstələnib və Omsk şəhərinin xəstəxanasına yerləşdirilib.

Bir neçə gündən sonra isə o, tibbi səbəblərlə Almaniyaya evakuasiya olunub. Orada həkimlər Navalnının zəhərləndiyini müəyyən ediblər.

Fransa, İsveç və Almaniya laboratoriyaları, habelə Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı Navalnının Noviçok sinir maddəsinin təsirinə məruz qaldığını müəyyən edib. Rusiya bu işlə əlaqəsi olduğunu inkar edib.

Navalnı bu ilin əvvəli müalicə olunduğu Almaniyadan Moskvaya qayıtdıqdan dərhal sonra həbs edilib.

Məhkəmə Navalnının ölümcül zəhərlənməsindən sonra müalicə üçün Berlinə aparıldığı zaman həbsxana rəhbərliyini olduğu yer barədə xəbərdar etmədiyi və 2014-cü ildə şərti cəzanın şərtlərini pozduğu haqda qərar verib. Navalnının cəzası Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qanunsuz və siyasi motivli adlandırılıb.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”