23 Aprel 2025

Baş və göz ağrısı: kompüter görmə sindromundan necə qorunmaq olar – oftalmoloqdan məsləhət

Bərdə rayon Mərkəzi Xəstəxanasının oftalmoloq həkimi İlahə Məmmədova bildirib ki, belə bir halın olması ayrıca xəstəlik deyil, göz yorğunluğu ilə bağlı simptom halıdır. Əsas səbəblər ekran qarşısında uzun müddət işləmək, pis təşkil edilmiş iş yeri və düzgün olmayan işıqlandırmadır. Bütün bunlar gözün yorğunluğu, quruluğu, bulanıq görmə və digər xoşagəlməz hisslərə səbəb olur.

Oftalmoloq qeyd edib ki, kompüter görmə sindromunun simptomları müxtəlifdir.

“Xəstələr tez-tez göz əzələlərinin gərginliyindən, işığa qarşı həssaslıqdan, iş zamanı uzunmüddəti oturaqlıqdan boyun və çiyinlərdə diskomfort halın yaranması və baş ağrılarından şikayət edirlər”, – deyə İlahə Məmmədova bildirib.

Baxışları dəyişdirərkən görmə diqqətini cəmləməkdə çətinlik ola bilər, deyə o , əlavə edib.

Oftalmoloq xatırladıb ki, simptomların qarşısını almaq və azaltmaq üçün mütəmadi olaraq fasilələr vermək, iş yerində işıqlandırmanı düzgün təşkil etmək vacibdir. Ekran göz səviyyəsində və ya bir qədər aşağı, 50-70 sm məsafə saxlanılmaqla , işıqlandırma parlaq ,əks olunmadan rahat olmalıdır.

Bundan əlavə, quruluq hiss olunarsa, gözləri xüsusi damcılarla nəmləndirmək tövsiyə olunur. Simptomlar davam edərsə və ya pisləşərsə, müayinə və müalicə üçün oftalmoloqa müraciət edilməlidir.