04 Dekabr 2024

Bakıda 5 nəfərin ölüm səbəbi məlum oldu YENİLƏNİB

Baş Prokurorluq Səbail rayonu ərazisində yerləşən evdə 5 nəfər şəxsin meyitinin aşkar olunması ilə bağlı məlumat yayıb.

Media1.az xəbər verir ki, adı çəkilən qurumun mətbuat xidmətindən  Musavat.com-a daxil olan məlumata görə, fevralın 23-də saat 14 radələrində faktla bağlı Səbail rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib. Araşdırmalarla müəyyən olunub ki, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunub.

İlkin ehtimala görə, hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu gün Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivindəki fərdi yaşayış evlərindən birində 5 nəfər-16 yaşlı Atilla Rəşad oğlu Əliyev , 17 yaşlı Lətif Rəşad oğlu Əliyev, 21 yaşlı İnkişaf İdris oğlu Allahverdiyev, 24 yaşlı Şakir İdris oğlu Allahverdiyev və 46 yaşlı Natiq Faiq oğlu Səfərov huşsuz vəziyyətdə aşkar ediliblər.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb, lakin təcili yardım briqadası hadisə yerinə çatanda həmin şəxslərin artıq öldüyünü təsbit edib.

Ölümün nə vaxt baş verdiyi və səbəbləri məlum deyil. Müvafiq ekspertizalar təyin edilib. Səbael rayon prokurorluğundan faktı təsdiqləyib bildirdilər ki, müstəntiqlər hadisə yerindədir, araşdırmalar aparılır və günün sonunda məlumat yayılacaq.