Bakıda 13 erməni terrorçuya hökm oxundu YENİLƏNİB

Daha bir qrup erməni terrorçu hakim qarşısına çıxarılıb.
Media1.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə sənədlər tədqiq edilib.
Həbs edilən şəxslər Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin bir qrupunun – Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodiya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Giraqusyan Eduard Armenoviçdir.
Bu gün baş tutan prosesdə məhkəmə istintaqı başa çatıb.
Daha sonra prokuror çıxış edərək təqsirləndirilən şəxslər barəsində olan Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) maddələrinin ittihamdan xaric edilməsini istəyib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cəzalandırılmaları istəyib.
Prokuror təqsirləndirilən şəxslərin hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib.
Hökmə əsasən təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər.