23 Dekabr 2024

Bağçada işləmək istəyənlərin nəzərinə!

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində vakant yerlər üzrə növbəti qeydiyyat prosesinə başlanılır.

Musavat.com xəbər verir ki, qeydiyyat prosesi iyulun 31-i saat 23:59-da başa çatacaq.

Vakant yerlər üzrə qeydiyyatda 2022-2023-cü və 2023-2024-cü tədris illərində tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və müvafiq müəssisə seçiminə görə yerləşdirilməsi mümkün olmayan namizədlər iştirak edə bilərlər.

Bundan əlavə, 2023-cü ildə test imtahanından 29 və daha çox bal toplayan namizədlər də qeydiyyatda iştirak edə bilərlər. Onlar növbəti müsahibə mərhələsində uğur qazanacaqları halda bal ardıcıllığına uyğun olaraq seçdikləri məktəbəqədər təhsil müəssisəsində tərbiyəçi-müəllim vəzifəsinə təyin ediləcəklər.

Namizədin üç məktəbəqədər təhsil müəssisəsi seçmək imkanı var.

Namizədlər 1 illik (ilin tamamında müddətsiz) müqavilə və ya müddətli (sosial məzuniyyət yeri üzrə) müqavilə ilə vakant yerləri seçə bilərlər. Vakant yer müddətli seçildiyi təqdirdə müvafiq müddət başa çatdıqdan sonra müqaviləyə xitam veriləcək.