Bərdəli Qazinin sağlamlığına qovuşması Türkiyədə mümkündür. Ege Tibb Xəstəxanası onu qəbul etməyə hazırdır.
Musa Muradlı, Media1.az
Bu barədə Media1.az-a Qazi Yusir Mustafayevin atası Telman Mustafayev məlumat verib.
Onun bildirdiyinə görə, xeyli vaxtimiş ki, oğlu Yusir Mustafayev Tovuzun Əlibəyli kəndindən hərbi xidmətini başa vurub ordudan tərxis olunubmuş. Sentyabrın 21-də yenidən orduya səfərbər olunan Yusir Mustafayev Murov yüksəkliyi uğrunda gedən ölüm-dirim savaşında iştirak edib. Goranboyun Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə xəsarət alsa da xidmətə yararlı sayılaraq yenidən hərbi əməliyyatlara cəlb olunub.
Oktyabrın 5-də Ağdərə Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanıb. Əvvəlcə, Naftalan hospitalına yerləşdirilib, sonra isə Gəncə Diaqnostika Mərkəzində bir neçə gün saxlanılıb. Ağır yaralı olduğuna görə sonrada Bakıya göndərilib. İki dəfə Tədris Cərrahiyyə Şöbəsində yaralının üzərində əməliyyat həyata keçirilib. Əməliyyatdan sonra “Papanin” kimi tanınmış Müdafiə Nazirliyinin hərbi-tibbi hospitalında bir müddət müalicə alandan sonra yaralıya ev şəraitində qulluq göstərilib. Uzunmüddətli müalicənin isə yaxşılaşmaya doğru dəyişikliyə təsiri olmayıb.
Telman Mustafayev qeyd edib ki, Suqovuşan istiqamətində gedən döyüşdə xeyli sayda əsgərimiz düşmənin mühasirəsinə düşüb. Onlar əlbəyaxa döyüşməli olublar. Düşmənin atdığı F1 qumbarası Yusirin yanına düşərək qəlpələriylə onu yaralayıb.Həmin vaxt huşunu itirib. Tankla yaxınlaşan heyət Yusiri götürüb, döyüş bölgəsindən çıxarıblar.
“ Yusirin vətərlərini qəlpə aparıb.Həkimlərimiz vətərlərin bərpasının ölkəmizdə mümkünsüz olduğunu bildiriblər. Bizdə onların dediyinə görə , ancaq sümük calaya bilərlər. Türkiyənin Ege Xəstəxanasında çalışan həmyerlimiz Afiq Bərdəlinin deməyinə görə, bu müalicənin orada aparılması mümkündür. Müalicə sayəsində vətərlərin 50-60 faiz bərpa oluna bilər.Həmyerlimiz mümkün dəstəyə söz verib. Deyib ki, Azərbaycandan göndəriş olsa əlimizdən gələni edəcəyik”- deyə Yusir Mustafayevin atası bildirib.
Yusirin atası övladının xidmətlərinin medalla təltif olunmadığını da məyusluqla dilə gətirir. Hazırda oğlunun sağlamlığını düşündüyündən, bu barədə vaxtı olub maraqlanmadığını , deyir. Ancaq, oğlu yaxşılaşandan sonra maraqlanacağını bildirir.
Telman Mustafayevin ümidi “ Yaşat” fondunun qərarına bağlıdır, indi. Ümid edir ki, yaxın günlərdə övladının sağlamlığına tam, ya qismən qovuşması üçün mühüm addım atılacaq. Yusirin Türkiyəyə ezam olunmasına dəstək göstəriləcək.
Onu da qeyd edək ki, Qazi Yusir Mustafayev 1996-cı ildə Bərdə rayonunun Mustafağalı kəndində doğulub. Hazırda həmin kənddə yaşayır.