19 Aprel 2024

Bərdədə Küəlli baba ziyarətgahına inanıb gələnlər diləklərinə çatdıqlarını deyirlər- Fotolar

Qəbri ziyarətgaha çevrilən Küəlli baba deyilənə görə cavan dünyasını dəyişib,  vəsiyyətinə uyğun olaraq gəmiyə qoyulub Kürə buraxılan cəsədi  sahilə çıxdğı yerdə dəfn edilib.

Musa Muradlı- Media1.az

Bərdədən ziyarətgaha olan məsafə 20 km-ə qədərdir. Əyricə kəndindən keçib, Kür çayına çatanda yolun qırağındakı nişan ziyarətgahın istiqamətini göstərir. Küəlli baba ziyarətgahı.Media1.az olaraq göstərilən istiqamətə doğru hərəkət edib , ziyarətgaha çatırıq. Bir neçə maşın dayanıb. Onlarla adam var ki, ailəvi olaraq ziyarətə gəliblər. Məlum olur ki, diləkləri yerinə yetib, arzularına çatdığlarından ziyarətgahda qurban gətirib , kəsiblər. Dediklərinə görə övlad istəyirmişlər,arzularına çatdıqlarına görə ziyarətə gəliblər.

Ziyarətgahın xidmətçisi Zöhrə nənədir.Gələnləri qarşılayır, yerbəyer edir,inananların niyyətlərinə çatması üçün  dualar oxuyur. Niyyət eliyən ziyarətçini ritual qaydalara uyğun olaraq Zöhrə nənə başına , çiyinlərinə əl çəkərək gözəgörünməz ilahi qüvvənin yardımı sayəsində arzusuna çatmağını diləyir. Danışa,danışa üzünə üfürür. Niyyətinə çatandan sonra yenidən ziyarətgaha gəlməyini , xoş üzlə görüşməyi arzulayır.

Zöhrə nənə ilə söhbət zamanı məlum olur ki,  uzun illərdi ziyarətgahın işlərini idarə edir. Əvvəllər ziyarətgahın işləri başlı başınaymış. Gəlib, gedənlər üçün də elə bir şərait yoxuymuş. Ziyarətçilər işlərini özləri səhmanlayarmışlar. O da ki, çətinliklə. Oturmağa yer olmazmış.Çay içmək, ehsan süfrəsi açmaq üçün yerdən əyləşməli olarmışlar. Buralardakı ot,ələfli, hər yanı kol-koslu olduğundan oturmağa da çətinlik çəkirmişlər. Ancaq indi qonaqlar üçün qoşa çardaxlar, mətbəx, stollar, stullar var. Hər yan vaxtaşırı biçildiyindən abadlıq hökm sürür. Hər yer tərtəmizdir. Atılan zibil yaxınlıqdakı iri qutuya tökülür. Burada idarəetmə və xidmət olmasa təbii ki, bu mənzərə olmayacaqdı. İndi bura bu qədər gözəl təəssürat yarada bilməzdi.

Zöhrə nənə buradakı fəaliyyətinin tarixçəsini danışır.” Qaynanam Çiçək nənə yuxusunda Məhəmməd peyğəmbəri görüb. Peyğəmbər Çiçək nənəyə tapşırıb ki, ziyarətgahın qayğısına qalsın. Abadlığına, təmizliyinə baxsın , gəlib, gedənə qulluq eləsin. Bir müddət abadlıq işləri aparan Çiçək nənə ziyarətdəki xidmətini dayandırıb.Bu addımdan sonra Çiçək nənənin qızı xəstələnir. Evdən çıxıb həmişə ziyarətgaha sarı qaçırmış. Qaynanam peşmançılıq çəkir. Övladını gətirib ocaqda yatırır. Söz verir ki, daha gəlib ziyarətgahda oturacaq. Həmin gündən qız yaxşı olur. Çiçək nənə də o gündən dünyasını dəyişənə, 80 yaşına  qədər Küəlli baba ocağında xidmət edib.”- deyən Zöhrə nənə bildirir ki, hər gün Çiçək nənə Mollagüllər kəndindən 11 km-lik yolu piyada gedib , gəlirmiş.  Gecələr ayın işığında evə qayıdarmış. Yol boyu kimsəsiz çöllüklərdən keçəndə ən qorxulusu canavarlarla, it dəstələrilə üz-üzə gəlməyimiş. Bir neçə dəfə it dəstəsilə üzləşən Çiçək nənə hətta hər şeyin sonu olduğunu düşünübmüş. O anda Allahı çağıran Çiçək nənə müqəddəs Küəlli baba ziyarətgahına xidmətində durduğunnan rəhm olunmasını yalvarırmış. Möcüzə baş vermiş, Çiçək nənənin bir neçə metrliyinə qədər gəlib, diş qıçırdan, parçalamaq ehtirasında olan itlər sakitləşib, qayıdırlarmış. Namaz qıldığı yerdə canavarlar yanından keçirmiş. O, ibadətini saxlamazmış. Canavarlar da çıxıb gedirmişlər. Çiçək nənə ölənə qədər hər türlü əziyyətə qatlaşıb, Küəlli ziyarətgahının xidmətində durub.

Ocağın kəramətlərindən danışan Zöhrə nənə bildirib ki, övladı olmayanlar buraya üz tuturlar. Ocaqdakı uşaq beşiyinə əl vuranda yellənsə niyyət asan yerinə yetir. Əgər tərpənmirsə çətinliklə bu arzuya qovuşmaq olur, ya da ümumiyyətlə olmur. Övladı dünyaya gələn valideyinlər gətirib qurbanlarını kəsirlər.Universtitetə qəbul olanlar ziyarətə gəlib, yaylıqlarını buraya bağlayırlar.

Zöhrə nənə Küəlli baba haqqında danışarkən bildirib ki, əsrlər əvvəl baş verən tarixi rəvayəti ancaq danışanlardan eşidib.” Küəlli baba neçə əsrsə bindan əvvəl olub. 11 ya 12-ci əsrlərdə ola bilsin ki, yaşayıb. Çox gənc dünyasını dəyişib. Bəlkə də 14 yaşı var imiş.Vəsiyyət edib ki, onun nəşini bir gəmiyə qoyub, Kür çayına buraxsınlar. Gəmi harda sahilə yan alsa , onu orada torpağa tapşırsınlar. Sonda seçilən yer bura olur. Küəlli baba torpağa tapşırılan gündən  bura müqədəs yerə çevrilib. Hamı onu ziyarət eləməyə gəlib.”-deyə Zöhrə nənə bildirib.

Ziyarətgahda oturandan çox möcüzələrin şahidi olduğunu deyir , Zöhrə nənə. Gələnlərin ümidlə gəlib,getdiklərini, heç kimin naümid qalmadığını , əksəriyyətin diləyinə çatdığından danışır. “ Övladı olmayanlar, niyyət edib gəlirlər. Uşağı yerimiyənlər ,danışmayanlar şəfa tapsınlar deyə, ocağa pənah gətirirlər.Üç çərşənbə gətirib,aparanda yerimiyən uşaq ayaq açır, danışmayanlar dil açır. Bu gün ocağımızı ziyarət edənlərin ailəsində uşaq dünyaya gəldiyindən, qurban gətirib kəsiblər.”

Ziyarətə gələn Nəsirovlar ailəsi də Tüəlli ziyarətinə inanırlar. Vaxtaşırı ailəvi olaraq ocağa gəlirlər.Bəxtiyar Nəsirov bu dəfə də həyat yoldaşı Yeganə Nəsirova, qızı Şahnaz Nəsirova, bacısı Vəfa Nəsirova və bacısının qızı Nərgiz Məmmədova ilə birgədir.Zöhrə nənə bu dəfə də həmişəki kimi onların niyyətlərinin yerinə yetməsi üçün dualar edir.

Tüəlli baba türbəsinin ətrafındakı qəbirüstü daşlar diqqətimizi çəkir. Ərəb əlifbası ilə yazılmış qəbirlərin qədim tarixə malik olduğundan xəbər verir.Bir nişanə isə xüsusilə diqqəti cəlb edir. Hündürlüyü ilə başqa daşlardan fərqlənən bir qəbirüstü abidə seçilir. Üzərindəki atlı təsvirindən ehtimal etmək olar ki, bəlkədə hansısa döyüşçüyə aiddir. Ola bilsin ki, Tüəlli baba da belə bir nüfuzlu döyüşçülərdən olub. Onun xatirəsi xalqın nəzərində uca tutulduğundan həmişə ziyarət olunub. Əsrlər ötdükcə real tarixi şərait unudulsada mifləşmiş təsəvvürlər formalaşıb.

İndi bu məkanda Tüəlli babanın türbəsi daxilində oturmaq, dirsəklənmək üçün yumşaq döşək, yastıqla döşənib. Ziyarətçilər içəri daxil olaraq ikiqat əyilib ehtiram ifadə edəndən sonra nəzir qoyurlar.

Ziyarətgahlar  cəmiyyətdə həmişə heç də bir mənalı qəbul edilməyib. Bəziləri inamlı olsa da başqa cür düşünənlər də var.Pir və ocaqları “Allaha şərik qoşmaq” olduğunu deyənlərdə çoxdur. Fikrimizcə inam hər kəsin daxilindən gəldiyi üçün ona ehtiramla yanaşmaq vacibdir. Ana yasamızda buna vicdan azadlığı deyilir. Kimin düz ya yanlış elədiyini ancaq uca yaradanın özü ayırd edə bilər. Ziyarətgahların özünə gəldikdə isə burada Allahın adı sevilə-sevilə çəkilir.Dərdlərə əlac Allahın fövqəlrəhmindən dilənir. Zənnimizcə ziyarətilə sakitlik tapan ziyarətçilərə ən yaxşı halda yanaşma şəfa, xeyir diləməkdir. Allah ziyarətlərinizi və diləklərinizi qəbul eləsin! Amin!!!