08 Sentyabr 2024

Bərdədə enerji böhranı-onlayn təhsil almaq mümkün deyil

İndiyə kimi “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon elektirik şəbəkəsi haqda baş qaldıran giley-güzarlar, kütləvi narazılıqlar və s. artıq “pik nöqtə”yə çatıb. Buna əsas səbəb, Elektrik Şəbəkənin rəhbərliyində vəzifə sahibi olan şəxslərin həyata keçirdikləri yarıtmaz idarəçiliyin varlığı, həmin şəxslərin xalqın gələcəyinə biganə yanaşmaları, həmçinin onların xalqa, dövlətə xidmət etmək amallarının arxa planda olması olur. Təəccüb doğuran hal odur ki, bu rayonun elektrik şəbəkə sistemində hansısa olaylar baş verir ki, rəhbər vəzifə sahibi olan şəxslər tez-tez dəyişdirilir. Tutaq ki, hansısa şəxs Bərdə rayon Elektrik Şəbəkənin rəhbərliyinə təyinat alır, bir qədər vaxt keçdikdən sonra isə həmin şəxs daşıdığı vəzifəsindən uzaqlaşdırılır və elə hallar da olur ki, ictimai fikirdə vəzifəsindən uzaqlaşdırılmış şəxslə bağlı xoşagəlməz rəy də formalaşır. Bir sözlə, belə-belə səbəblər üzündəndir ki, hazırda bu rayonun elektrik şəbəkəsində anarxiya, “bezpredel ab-hava” və s. hökm sürməkdədir.

Onu da bildirək ki, redaksiyamıza bu yöndə daxil olan məlumatlar əsasında müəyyən araşdırmalar aparmağa qərar verdik və bu məqsədlə yerli sakinlərdən bəzilərinin fikirlərini dinlədik, müəyyən müşahidələrimizi həyata keçirdik və son olaraq belə bir qənaətə gəldik ki, Bərdə rayon Elektrik Şəbəkədə olmazın biabırçılıqların əmələ gəlməsinin əsaslı səbəbləri var. Yəni, indiyə kimi hansı şəxs şəbəkədə rəis vəzifəsini icra edibsə o, heç zaman bu sahədə əmələ gələn problemləri aradan qaldırmaq istəyində olmayıb. Belə bir səbəblər üzündən də, Bərdənin mərkəzi ərazilərinin müəyyən hissələrində, bir çox kəndlərində, bəzi iri yaşayış məntəqələrində uzun illər ərzində istifadə olunan elektrik naqilləri və dirəkləri dəyişdirilmədiyindən, trosfarmatorlar yeniləri ilə əvəz olunmadığından, bu sahədə çalışan bəzi şəxslər üzərinə düşən vəzifələrini lazımi səviyyədə yerinə yetirə bilmədiklərindən, bu gün də qeyd olunan sahədə baş alıb gedən həngamələrin həddi-hüdudu bilinmir. Məsələn, söylənilənlərə görə bir neçə gündür ki, rayonun əksər ərazilərində elektrik enerjisi fasilələrlə verilir, hətta günün elə saatları olur ki, işıqlar tamamilə sönür. Baxmayaraq ki, son günlər rayon ərazisində güclü yağış yağmır, güclü külək əsmir, bir sözlə elektrik enerjisinin verilməsinə əngəl ola biləcək hansısa hadisə baş vermir. O halda sual oluna bilər ki, görəsən bu yöndə əmələ gələn problemin, yaxud da problemlərin kökündə hansı amillərin varlığı başlıca rol oynayır?

Diqqəti bir məqama da yönəldək ki, Bərdənin müəyyən ərazilərində elektrik enerjisinin fasilələrlə verilməsi səbəbindən, bu gün rayonun çoxsaylı ziyalıları açıq-aşkar şəkldə narazılıqlarını ifadə edirlər. Yəni, hər kəsə bəllidir ki, ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılması səbəbindən, bütün təhsil müəssisələrində dərslərin açıq formada tədris olunması müvəqqəti dayandırılıb. Belə bir səbəb üzündən də, müəllimlərin şagirdlərə dərslikləri tədris etmələri video-konfras formatında həyata keçirilir. Elə ki, video-konfras formatında həyata keçirilən dərs prosesi zamanı elektrik enerjisinin verilməsi kəsilir, o halda tərəflər arasında qurulmuş əlaqələr də itir. Yəni, gündəlik bu cür xoşagəlməz və problem yarada biləcək hallar təkrar olduqca, bu yöndə baş verənlər kütləvi narazılıq hissinin baş qaldırmasına da səbəb olur. Daha çox isə, şagirdlərin, tələbələrin və s. elmdən, təhsildən uzaq düşmələri ilə nəticələnir. Deməli, bütün bunlar onu söyləməyə əsas verir ki, Bərdə rayon Elektrik Şəbəkəsinin bugünkü rəhbərliyi də xalqını, dövlətini sevməyən, gənclərin gələcəyini düşünməyən, üzərinə düşən vəzifəsinin öhdəsindən lazımınca gəlməyi bacarmayan, etimadsız və bacarıqsız vəzifə sahibi adını qazanmış şəxsdir. Əgər bu belə olmasaydı, o halda Bərdə sakinləri də belə bir problemlə üz-üzə qalmazdılar.

Bütün bunlara baxmayaraq, son vaxtlar bəzi media qurumlarında yayımlanan açıqlamalarda qeyd olunur ki, guya Bərdədə bütün istehlakçılar fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə tam şəkildə təmin olunurlar. Bundan əlavə, hətta o da qeyd olunur ki, Mərkəzi Aran RETSİ, Bərdə Elektrik Şəbəkəsinin xidməti ərazilərində geniş quruculuq işləri də həyata keçirir. Əslində bu cür açıqlamaların yayımlanması, birbaşa gözə “kül üfürmək”dən başqa bir şey deyil.

Mövzuya qayıdacağıq.