23 Dekabr 2024

Bərdədə dünyaya gələn körpəyə şəhid dayısının adı verilib.

44 günlük II Qarabağ müharibəsindən dörd ay ötür.Qələbəmizlə başa çatan bu müharibədə canından keçən şəhidimiz , sağlamlığını qurban verən qazimiz az olmadı.Bütün bunlara rəğmən,  xalqımız bir daha məğrurluğunu, böyüklüyünü bütün dünyaya nümayiş etdirmiş oldu. Döyüş meydanında bir nəfər belə olsun fərarisi olmayan ordumuz  əzəmətli gücə malik olduğunu sübut etdi. Xalqımız bir də onu sübut etdi ki, bir şəhidimizin yerinə 100-1000 cəngavər doğulur. Düşmənə həmişə cavab verməyə gücümüz olacaq. Yağı düşmən bilməlidir ki, oğullarımızın cəng etdiyi meydan heç zaman boş qalmayacaq.

Bu günlərdə dünyaya gələn və cəngavər olacaq hər körpənin doğuluşu bizi sevindirir. Deməli, soyumuz , milli varlığımız daim var olacaq, yaşayacaq. Necə ki, nəslimiz  minillərdən bəri gəlib, indən belə də dünya durduqca davam edəcək.

Bərdə şəhərində dünyaya gələn körpə oğlana dayısı Fəxrinin adı verilib. O, artıq bir igidin – dayısının adını daşıyır. Deməli, Fəxri şəhid olsa da onun yerində başqa Fəxri böyüyəcək. Başqa Fəxri yox , elə onun özü daim bizimlə yaşayacaq. Hələ bizdən də çox ömrü olacaq.Çünki vətən, el üçün canından keçənləri qədirbilən xalqımız həmişə yaşadır. Bir atalar sözündə deyilən kimi: İgid ölər , adı qalar. Ad qalırsa deməli ölüm də yoxdur.Əslində, ölüm ad unudulanda, xatırlanmayanda ölüm başlamış olur.Ona görə də şəhidlər ölmür.Necə deyərlər, şəhidlər ölməz, vətən bölünməz!   

 Qəribzadə Fəxri Elmir oğlu 1993-cü il dekabr ayının 15-də Bərdə rayon Güloğlular kəndində anadan olmuşdur. Ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması və tarixi yurd yerlərimizdə Azərbaycan bayrağının dalğalanması idi. Fəxri 44 günlük Vətən müharibəsinin 14-cü günündə Ağdərə istiqamətində gedən döyüşlərdə Şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Onu da qeyd edək ki,əlamətdar hadisədə başqa şəhid ailələri də iştirak edib.

Allah şəhidlərimizə rəhmət eləsin!Ruhları qarşısında baş əyirik.