22 Dekabr 2024

Bərdə sakinindən silah-sursat və 31 kq narkotik götürülüb

Bərdə rayon sakinində silah-sursat və narkotik vasitə götürülüb.

Bu barədə Media1.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əhmədov rayon ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 8 qram heroin, “Beretta A-6” markalı tapança və 7 ədəd patron aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 31 kiloqrama yaxın narkotik vasitə və 1 200 ədədə yaxın güclü təsiredici xassəyə malik həblər, o cümlədən 23 kiloqram 900 qram heroin, 2 kiloqramdan artıq tiryək, 1 kiloqramdan artıq marixuana, 4 kiloqram 585 qram metamfetamin, 1100 ədəd metadon və 90 ədəd pregabalin-150 mg. həbləri aşkar edilərək götürülüb.