08 Sentyabr 2024

Bərdə şəhidlər xiyabanı abadlaşdırılmalı, muzey yaradılmalı, əbədi məşəl yanmalıdır

İndi ölkəmizin hər bir güşəsi müqəddəs ünvanlara çevrilib. Şəhər və kəndlərimizdə şəhid məzarlarıdı dediyimiz müqəddəs ünvanlar.Bərdə şəhərindəki müqəddəs yer-şəhidlər xiyabanı qədirbilən xalqımızın ziyarət etdiyi məkanlardandır. Hər gün çoxlu sayda bərdəli sakin bura baş çəkir, şəhidlərimizin ruhuna ehtiram göstərir, dualar oxuyur, məzarlar üstünə gətirdikləri gül-çiçək dəstələrini qoyurlar.

Bərdə şəhidlər xiyabanında yüzlərlə şəhid məzarı var. Əksəriyyəti birinci Qarabağ döyüşlərində həyatından keçib. Birinci Qarabağ döyüşlərində Azərbaycan əsgərinin yarımçıq qalmış işini sonrakı döyüşlərdə davam etdirməli olan oğullarımız da indi burada uyuyur.  2016-cı ilin aprel döyüşlərində və tarixə vətən müharibəsi kimi düşmüş II Qarabağ müharibəsində canından keçmiş hərbçilərimiz də burada dəfn olunub. Onların uyuduqları torpaq müqəddəsdir,gül qoxuyur.

Şəhid məzarları abad olmalı, onların adına layiq baxılmalıdır.Hər kəsin ürəyindən keçən də məhz, şəhidlərin adının uca tutulması, xatirələrinə ehtiramın göstərilməsidir. Bərdədəki şəhidlər xiyabanında olanda görünən mənzərə o qədərdə ürəkaçan olmur. Əvvəllər bu məkan daha çox abadlıqdan kənar görünürdü. Şəhid ailələri duruma dözmür, dilə gəlib gileylənirdilər. Müqayisədə insafən deyək ki, qabaqlara baxanda az da olsa abadlaşdırma işləri aparılıb. Daşların üstü  sürtülərək ağardılıb. Ancaq bu abadlıq üçün azdır. Şəhidlərin adına layiq deyil. Adətən yerli icra hakimiyyəti orqanı abadlıq quruculuq işlərinə haradan başlamalı, necə eləməli – çarəsin tapır. Şəhərin abadlaşdırılmasında kollektivlərin əməyindən istifadə eləməklə az işlərin öhdəsindən gəlməyiblərmi? Gəliblər. İcra hakimiyyətlərinin yanında qurulan meydanlar, qarşısından keçən yollara bahalı daşlardan örtük düzülməsi , abadlaşdırma aparılması var ikən şəhidlərimizin xiyabanları niyə yaddan çıxarılsın ki. Şəhid məzarlarına daha çox yaraşıq vermək düzgün olmazdımı? Axı bizim bu torpaqda yaşamağımızın səbəbkarlarının son mənzillərinə qayğıkeş olmaq  vicdanımızın tələbi olmalı deyilmi? Ancaq şəhid məzarları şəhərin abadlığından da gözəl olmalıdır. Elə birinci şəhidlər xiyabanı abadlaşdırılmalıydı. Vətən deyəndə göz önünə onlar gəlməlidir. Çünki, onlar vətən yolunda canlarından keçiblər. Yaxud da şəhidlər xiyabanının abadlığı , təmizliyi, işi olmayıb, havayı maaş alan və heç kimə lazım olmayan müəssisələrdən birinə həvalə edilməklə. Ya da ki ölkə başçısının şəhidlər xiyabanları haqqında xüsusi proqram haqqında göstəriş verməsini gözləmək lazımdır. Bəlkə yenə də vicdannın səsi prezidentimizdən gəlməlidir. Ölkə başçımızdan gözlədiyimiz yenə şəhidlər xiyabanlarına abadlıq işlərinə yardım olmaq, Bakıdakı kimi hər yerdə şəhidlərimizin adlarına layiq xiyabanların abadlaşdırılmasıdır. Ümid edək ki, şəhid məzarları layiq olduqları kimi abad və təmiz olacaq. Hər məzara sığal çəkiləcək. Vətənə qiymət, xidmət də elə belə olacaq. Bu qayğı vətənə göstərilməklə həm də şəhidlərin doğmalarının yarasına bir məlhəm olardı.

Şəhidlər xiyabanlarını muzeylərə də çevirmək olar.Qəhrəmanlıq səlnaməsinin, dastanların yazılması kimi ,onların qəhramanlığını yaşadacaq muzeylər yaratmaqla istər gənc nəslin vətənpərvərlik ruhunun tərbiyyə olunmasında, istərsə də ölkəmizə gələn qonaqlara xalqımızın hünərini təbliği baxımından lazımlı və gərəkli bir iş olardı.

İstənilən halda şəhidlər bizim qürur mənbəyimizdir, başımızın tacıdır. Ruhlarınız qarşısında baş əyirik!!!