28 Mart 2024

“Azəri camaatı”nın üzvü məhkəmə qarşısına çıxarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Suriyada silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunan “Azəri camaatı”nın üzvü Akif Osmanovun cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib.

Musavat.com xəbər verir ki, Akif Osmanov bir müddət əvvəl Türkiyədə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində Özbəkistan vətəndaşı İlyorjon İsanov ad-soyadı ilə saxlanılıb. Ancaq təqsiri sübuta yetirilmədiyi üçün sərbəst buraxılıb. Həmin vaxt saxta pasportun üstü də açılmayıb.

Sonradan isə Akif Osmanovun kimliyi təsbit olunub və o, saxlanılıb.

Məhkəməyə hazırlıq iclasında hakim bildirib ki, DTX-dan məhkəməyə məktub daxil olub. Həmin msktubla Akif Osmanun DTX İstintaq Təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi istənilib.

Akif Osmanov DTX tərəfindən həbs edildiyi, istintaqın həmin qurumda aparıldığı üçün indiyədək orada saxlanılırdı.

Hakim təqsirləndirilən şəxsin köçürülməsi barədə qərar verib. Məhkəməyə baxış iclası fevralın 3-nə təyin edilib.

Akif Osmanov

Akif Osmanov ötən ilin mayında həbs ediləndən sonra Dövlət Təhlükəsizliyi Xidməti bu barədə rəsmi məlumat vermişdi. Həmin məlumatda bildirilirdi ki, beynəlxalq terrorçuluqla mübarizə istiqamətində keçirilən kompleks əməliyyat-istintaq tədbirləri çərçivəsində daha əvvəl silahlı terror təşkilatının Türkiyədə fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə bu ölkə ərazisində saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi saxlanılaraq həbs edilən, lakin təqsiri sübuta yetirilmədiyi üçün azad edilmiş 45 yaşlı Azərbaycan vətəndaşı Osmanov Akif Aydın oğlu saxlanılıb. Onun dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda terror aktlarının törədildiyi silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən olunub.

Başlanılmış cinayət işi üzrə aparılmış araşdırmalar nəticəsində Akif Osmanovun Suriyanın Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəməklə dini radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak etməsi, qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alması, habelə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilib.

Akif Osmanov şübhəli şəxs qismində tutularaq  Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

E.Məmmədəliyev