22 Dekabr 2024

“Azərbaycanın Xirosiması”: Qərbin “ikili standartları”na erməni əli ilə qoyulan “abidə”

Aqil Abbas: “O vaxt Ağdamı Pənahəli xan tikmişdi, bu dəfə Qarabağı azad edən Ali Baş Komandan İlham Əliyev tikir”

Noyabrın 20-də Ağdamın Azərbaycana qaytarılmasının 3-cü ildönümüdür. Üç il öncə məhz 10 noyabr 2023-cü il kapitulyasiya sənədinin bəndlərindən birinin (2-ci bənd) tələbi əsasında işğalçı Ermənistan daha bir rayonumuzu qısa müddətdə azad etməli oldu. Beləcə, bir güllə atmadan, şəhid vermədən Ağdam öz halal və qanuni sahibinə qovuşdu. Ancaq hansı vəziyyətdə, o da məlum. Nahaq yerə yerli və xarici jurnalistlər onu “Azərbaycanın Xirosiması” adlandırmırlar ki. Ağdam erməni barbarlığının əyani şahididir. Ermənistan burada qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub, təhqir və qarət edib. Əslində bu, Qərbin Azərbaycana münasibətdə hələ də davam edən “ikili standartları”na erməni əli ilə qoyulan tarixi və rüsvayçı bir “abidə”dir. O Qərb (ABŞ və Fransa) ki, bədnam Minsk Qrupu vasitəsilə “sülh danışıqları” bəhanəsi ilə 28 il ərzində faktiki erməni işğalını legitimləşdirməklə məşğul idi. Amma gözlərində qaldı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 gün ərzində təcavüzkarla yanaşı, onun havadarlarının məkrli planlarını da darmadağın etdi. 

Arayış üçün: Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – Günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. 

Rayonun ərazisində XX əsrin 50-ci illərindən etibarən aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olub ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Güney Qafqazda ən zəngin abidələri olan yerlərdən biri olub. 

1993-cü il 23 iyulundan rayon ərazisinin 73 faizi – rayon mərkəzi ilə birgə 90 kənd işğal altında idi. 128 min insan məcburi köçkün həyatı yaşayırdı. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçib. Ağdam uğrunda döyüşlərdə 6 mindən artıq şəhid vermişik.

1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnamədə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilirdi. Lakin Ermənistan xarici havadarlarına güvənərək bu qətnaməyə də məhəl qoymadı.

2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edilib. Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.

İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Ağdamlılar ilk dəfə olaraq Ağdamın işğaldan azad edilən günü – noyabrın 20-ni Ağdam Şəhəri Günü kimi qeyd edirlər. 

Hazırda Ağdam azad edilən digər ərazilərimiz kimi sürətlə bərpa olunur, keçmiş köçkünlər tədricən öz yurdlarına qaytarılır. 

Millət vəkili Aqil Abbas “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ağdam çox gözəl, inkişaf etmiş şəhər olacaq. O, Ağdama tez-tez getdiyini, yenidənqurma işləri ilə tanış olduğunu qeyd etdi: “Ağdam 100 min nəfərin yaşaya biləcəyi şəhər olacaq. Qarabağ Universiteti Ağdamda tikiləcək. “Batmanqılınc” romanımı yazarkən geniş araşdırma aparmışdım. Qarabağ xanı Pənahəli xan hakimiyyətə gələndə Şuşanı paytaxt, Ağdamı isə Qarabağın mərkəzi elan etdi, müasir terminologiya ilə ifadə etsək, Ağdam azad iqtisadi zona idi, heç kimdən  heç bir halda vergi alınmadı. Buna görə də Ağdam tikildi, inkişaf etdi. Buna görə də Ağdamda ticarət inkişaf etmişdi. Bir maraqlı faktı da diqqətinizə çatdırım ki, Ağdamdan Füzuliyə 48 kilometr, Ağdamdan Ağcabədiyə də 48 kimometr yoldur, Ağdamdan Bərdəyə də 48 kilometr yol var. Ağdamdan Şuşaya 37 kilometr, 40 kilometr Ağdərəyə, 83 kilometr Kəlbəcərə, 73 kilometr də Laçınadır, 70 kilometr də Yevlağadır, Tərtərə də təxminən 45 kilometrdir. Yəni Ağdam Qarabağın düz mərkəzində yerləşir. Pənahəli xanın fərmanı da bu məsafələrlə birbaşa əlaqədar idi. O vaxt Ağdamı Pənahəli xan tikmişdi, bu dəfə Qarabağı azad edən Ali Baş Komandan İlham Əliyev tikir. Daha gözəl, müasir şəhər olacaq. Qarabağın inkişafı Ağdam və Füzulidən asılıdır. Bu iki şəhərin, rayonun bərəkətli torpaqları, ümumittifaq əhəmiyyətli sənaye obyektləri olub. Əhali ora köçəndə Qarabağ isinəcək”. 

Oxu.az - Aqil Abbas: “Öz biznesmenlərimiz ölüblər ki, başqalarını ölkəmizə  gətirək?”

Aqil Abbas 

A.Abbas Ağdamın yenidən qurulması ilə bağlı təklifini də diqqətə çatdırdı: “Bərpa və yenidənqurma prosesi başladıqda tələbə inşaat dəstələrinin yaradılması ilə bağlı təklif vermişdim. Müstəqillikdən öncəki illərdə belə dəstələr var idi. Yeri gəlmişkən, ilk dəfə Azərbaycanda yaranmışdı, sonra ittifaqın digər ölkələrində tətbiq edildi. Tələbələr tətil müddətində Qarabağda tikinti işlərində iştirak edə, yüksək maaş ala bilərlər. O maaşla bir müddət dolanmaq olar. 1000-1500 AZN maaş alsalar, ən azı kirayə pulunu ödəyə bilərlər. Məlumdur ki, Azərbaycanda tələbə yataqxanalarının vəziyyəti ürəkaçan deyil. Tikintidə çalışan tələbələrə imtiyaz verilməli, diplomu aldıqdan sonra Qarabağda işlə və evlə təmin olunmalıdırlar. Tikintini sürətləndirmək üçün yaxşı yoldur. Hələ ki təklifim nəzərə alınmayıb. Bildiyim qədər Bakı Dövlət Universitetində (BDU) tələbə inşaat dəstəsi yaradılıb. Başqa ali təhsil müəssisələri də bundan örnək götürməlidir. Gənclər və İdman Nazirliyi də prosesdə iştirak etməlidir”.

Bəşir Hacıyev: Bu ilin sonunda füzulilərin doğma yerlərə qayıdışı nəzərdə  tutulur - AZƏRTAC

Bəşir Hacıyev

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev AZƏRTAC-ın bölgə müxbirinə 20 Noyabr – Ağdam Şəhəri Günü ilə bağlı eksklüziv açıqlamasında deyib ki, Ağdamda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur: “Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonuna kimi işlərin birinci mərhələsinin yekunlaşdırılması planlaşdırılır. Ümumiyyətlə, Ağdam rayonu üzrə bir çox layihənin icrası nəzərdə tutulur. 2026-cı ilin sonunadək Ağdam şəhərinə və ətraf kəndlərə ümumilikdə 42 min insanın köçürülməsi qarşıya məqsəd qoyulub”, – deyə o əlavə edib.

B.Hacıyev həmçinin qeyd edib ki, müasir Ağdamın mərkəzi hissəsi 2026-cı ildə formalaşdırılacaq: “Müasir Ağdam keçmiş Ağdam şəhəri və ətrafındakı səkkiz kənddən ibarət olacaq. Ağdamda 5 yaşayış məhəlləsi tikiləcək, “Zəfər” və açıq hava altında “İşğal” muzeyləri fəaliyyət göstərəcək. “İşğal” muzeyi məscidin arxasında viran qoyulmuş sahədə yaradılacaq. Həmin ərazidə olan dağıntılar konservasiya ediləcək və olduğu kimi də saxlanılacaq. Muzey erməni vandallığının və işğal tarixinin şahidi olaraq gələcək nəsillərə Ağdamın 30 illik acı taleyindən söhbət açacaq, tarixi həqiqətləri unutmağa imkan verməyəcək. Gələcək nəsil, qonaqlar, turistlər burada oxuduqları, eşitdikləri işğal tarixinin acı həqiqətlərini öz gözləri ilə görə biləcəklər”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”