22 Dekabr 2024

Azərbaycanın və Gürcüstanın münasibətləri dostluq və strateji tərəfdaşlığa söykənir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin 8 oktyabr tarixində Gürcüstan Respublikasının Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstan Respublikasına işgüzar səfərə gəlmişdir. Səfər çərçivəsində bir sıra mühüm tədbirlərdə iştirak edən dövlətimizin başçısı Gürcüstan Respublikasının Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüş keçirmiş, həmçinin mətbuata birlikdə bəyanatlarla çıxış etmişlər.

Prezident İlham Əliyev əvvəlcə dəvətə və qonaqpərvərliyə görə Baş nazirə təşəkkürlərini bilidrərək qeyd etdi ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Ənənəvi görüşlər ölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Regiondakı ictimai-siyasi vəziyyətdən söhbət açan Prezident bildirdi ki, təəssüf ki, Cənubi Qafqazda sülh hələ ki, tam bərqərar olunmayıb. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. Bütün regionun inkişafı üçün yaranmış şansı əldən vermək böyük səhv olar. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq.

Gürcüstan və Azərbaycan arasında hər zaman sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən Prezident İlham Əliyev qeyd etdi k, həm enerji, həm nəqliyyat sahəsində çox böyük əməkdaşlıq planları var. Bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir. Bundan əlavə, Azərbaycan böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilər. Anakliya limanı və Kulevi limanı əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək. Həmçinin, energetika sahəsində ənənəvi sahələrdən başqa bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da biz iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Azərbaycanın və Gürcüstanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır.

Bu gün bizdə güclü siyasi iradə və artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini