02 Avqust 2025

Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir

2025-ci il iyulun 4-də Azərbaycan Respublikasının tarixində mühüm bir hadisə baş verdi – Xankəndi şəhəri ilk dəfə olaraq beynəlxalq səviyyəli mötəbər tədbirə, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşünə ev sahibliyi etdi. Bu Zirvə təkcə regional əməkdaşlıq müstəvisində əlamətdar hadisə deyil, həm də Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq nüfuzunun rəmzi olaraq dəyərləndirildi. Bu Zirvə görüşünün Xankəndidə keçirilməsi – Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasının rəmzi ifadəsidir! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zirvə görüşündə çıxış edərək həm İƏT-ə üzv ölkələrin qarşılıqlı maraqlarına, həm də regionda baş verən mühüm proseslərə dair dərin təhlillər təqdim etdi. Prezidentin çıxışı bir neçə mühüm istiqaməti əhatə etdi.

Suverenliyin bərpası – Cənab Prezident bildirdi ki, 2023-cü ildə keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın tam suverenliyi təmin olunmuş, Xankəndi də daxil olmaqla bütün Qarabağ ərazisində Konstitusiya quruluşu bərpa edilmişdir. İƏT Zirvəsinin məhz Xankəndidə keçirilməsi isə bu reallığın beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. İqtisadi əməkdaşlıq və nəqliyyat layihələri – Prezident İlham Əliyev Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin (Şimal-Cənub, Şərq-Qərb, Zəngəzur dəhlizi) İƏT ölkələri üçün strateji əhəmiyyətini vurğuladı və bu sahədə inteqrasiyanın dərinləşdirilməsini təşviq etdi.

Dayanıqlı inkişaf və bərpa işləri – Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı quruculuq və sosial infrastruktur layihələri barədə məlumat verən Prezident, Azərbaycanın öz daxili resursları hesabına azad edilmiş əraziləri qısa müddətdə yaşamaq üçün əlverişli, müasir standartlara cavab verən ərazilərə çevirdiyini bildirdi.

Sülh çağırışı və yeni dövrün reallıqları – Prezident bir daha bəyan etdi ki, Azərbaycan sülhün tərəfdarıdır və Cənubi Qafqazda uzunmüddətli təhlükəsizliyin təmin olunması üçün siyasi iradə nümayiş etdirir. Eyni zamanda, regionda separatizmə yer olmadığını və beynəlxalq hüquq çərçivəsində hərəkət edilməli olduğunu vurğuladı. İƏT Zirvə görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisini göstərdi. Zirvədə iştirak edən dövlət başçıları, hökumət nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını açıq şəkildə ifadə etdilər. Bu, Azərbaycanın iqtisadi sabitlik, siyasi etibarlılıq və enerji təhlükəsizliyi baxımından mühüm tərəfdaş olduğunu bir daha sübuta yetirdi. İƏT Zirvəsinin Xankəndidə keçirilməsi, yalnız diplomatik hadisə deyil, həm də tarixi və milli əhəmiyyət daşıyan mühüm mesaj idi. Bu, bir daha göstərdi ki, Azərbaycan işğalın nəticələrini aradan qaldıraraq, bu əraziləri yalnız hərbi deyil, həm də siyasi və iqtisadi cəhətdən yenidən öz tam suveren idarəsinə qaytarmışdır. Prezident İlham Əliyevin Xankəndidəki çıxışı bir daha təsdiqlədi ki, Azərbaycan təkcə qalib dövlət deyil, eyni zamanda regionda sülhün və əməkdaşlığın aparıcı təşəbbüskarıdır. İƏT Zirvəsinin Qarabağ torpağında keçirilməsi beynəlxalq ictimaiyyətə ünvanlanan açıq mesaj oldu: Azərbaycan öz tarixini özü yazır.

Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı