Azərbaycanın sədrliyinin növbəti nailiyyətləri
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu.
Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir.
İnstitusional inkişaf. Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlər aparılır. Beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olaraq postpandemiya dövrü haqqında düşünməli olduq. Azərbaycan bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil etdi.
Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Azərbaycan, həmçinin beş ölkəni peyvəndlə təmin edib.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı