28 Mart 2024

Azərbaycanın mədəniyyət naziri Bursadakı törəndə hər kəsi Şuşaya dəvət etdi – FOTO, VİDEO

Türkiyənin Bursa şəhərində Qorqud Ata Türk Dünyası Festivalının Qala yeməyi yüksək səviyyədə təşkil olunub.

“Yeni Müsavat”ın əməkdaşının da qatıldığı tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Quzey Kipr Türk Cümhuriyyətinin rəsmi şəxsləri, mədəniyyət xadimləri, kino mütəxəssisləri, musiqiçilər, türk dövlətlərinin media nümayəndələri – ümumilikdə 200-dək qonaq – iştirak edib. Gecəyə təşrif buyuranlar sırasında Azərbaycanın mədəniyyət naziri Anar Kərimov və onun rəhbərlik etdiyi nümayəndə heyəti də olub. Nazir iştirakçılarla çox mehriban görüşdükdən sonra ondan TV Musavat üçün açıqlama almaq, həmçinin məqam düşmüşkən son günlər nazirlikdə baş verənlərə münasibətini öyrənmək istəsək də, razılaşmadı, sadəcə fotolar çəkdirməklə kifayətləndi.

Tədbirdə çıxış edən nazirlər və nazir müavinləri Bursanın evsahibliyi ilə keçən Qorqud Ata Türk Dünyası Film Festivalını çox yüksək dəyərləndirdilər, Bursa valiliyinə, bələdiyyəsinə, ümumən Türkiyə hökumətinə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür etdilər.

A.Kərimov “gələn il hamınızı Şuşada gözləyirik”-deyə, iştirakçılara xitab etdi. Həmçinin azad Şuşada Qorqud Ata Film Festivalının keçiriləcəyindən dolayı məmnunluğunu dilə gətirdi. Türk dünyasının ecazkar musiqi çələnglərinin də təqdimatı ilə tədbir davam etdi.
Foto və videokadrları izləyicilərimizə təqdim edirik:

Elşad Paşasoy,
Musavat.com