20 Aprel 2024

Azərbaycanın dünyanın hərb tarixinə yazdığı yenilik beynəlxalq səviyyədə də diqqətlə izlənilir.

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Qarabağ yenidən tikilir, amma smart texnologiyalar platformasına əsaslanaraq.

Dövlət başçısı İlham Əliyevin son iki ildə iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli tədbirlərin hər biri postmünaqişə dövrünün reallıqlarının təqdimatı ilə diqqətdə olur. Azərbaycanın dünyanın hərb tarixinə yazdığı yenilik beynəlxalq səviyyədə də diqqətlə izlənilir. Belə ki, Azərbaycanın müharibə bitən kimi işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verməsi bu torpaqların əsl sahibinin necə olduğunu nümayiş etdirir. 30 ildə dağıntı mərhələsini yaşayan bu torpaqlar son iki ildə bərpa-quruculuq dövrünü yaşadığı üçün sevinclidir. Diqqətçəkən məqam bu ərazilərin müasir tələblər səviyyəsində qurulmasıdır. Azərbaycanın dünyaya təqdim olunan yeni layihələri sırasına “ağıllı şəhər” və “ağıllı kənd” layihələri də daxil olur.

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda dövlət başçısı İlham Əliyev bir daha diqqəti işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərə yönəldərək bildirdi ki, azad edilmiş ərazilərdə ən son texnologiyalardan istifadə edirik: “İki il əvvəl, müharibə bitəndən dərhal sonra mən “Qarabağı yenidən quracağıq və yenidənqurmanın yaxşı nümunəsini nümayiş etdirəcəyik” deyəndə eynilə bunu nəzərdə tutmuşdum. İndi bu, həyata keçir. Biz şəhərlərimizi və kəndlərimizi smart texnologiya platformasına əsaslanaraq tikirik və yenidən qururuq.”

İlk “ağıllı kənd” Zəngilan rayonunun Ağalı kəndi oldu. Bu il Ağalı kəndi sakinlərini qarşılayaraq yeni həyata başladı. Sakinlər burada yaradılan şəraitdən məmnunluqlarını ifadə edirlər. Hansı sahəyə diqqət yetirsək müasir tələblər əsasında yaradılan yenilikləri görə bilərik. Ora gedən hər kəs Qarabağın yenidən qurulması modelinin necə olacağını görə bilər. “Çünki bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmamalıdır, həmçinin biz Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik” söyləyən dövlət başçısı İlham Əliyev vurğuladı ki, bu torpaqlarda bərpa-quruculuq işləri başlanan gündən görülən işlərdə məqsəd soydaşlarımız üçün ən yüksək şəraitin yaradılmasıdır.

Bu torpaqlarda idarəçilik sistemində təkmilləşmə də diqqətdən kənarda qalmır. Prezidentin xüsusi nümayəndəliyinin fəaliyyəti işlərin səmərliliyinin artırılmasında öz sözünü deyir. Dövlət başçısı İlham Əliyev bildirir: “Onda biz, bəlkə də artıq indi davamlı olaraq texnoloji təcrübəyə, eləcə də inzibati idarəçiliyə keçəcəyik. Çünki azad edilmiş ərazilərdə bizim ölkənin digər yerlərindən fərqli inzibati strukturlarımız var. Prezidentin xüsusi nümayəndəsi institutu üç ərazidə artıq qurulub və səmərəliliyi sübut olunub. Beləliklə, biz texnoloji inkişaf modelini sınaqdan keçirməklə yanaşı, həm də idarəçilik modelini sınaqdan keçiririk. Ona görə də biz rəqəmsal inkişafa çox diqqətlə və əzmlə yanaşacağıq, xalqımıza uyğun olan ən yaxşı seçimi edəcəyik.”

Son iki ildə görülən işlərin xronologiyasına diqqət yetirdikdə hədəflərə doğru inamla irəlilədiyimizi böyük qürur hissi ilə qeyd edirik. Bu ərazilərdə “ASAN xidmət”, DOST mərkəzlərinin yaradılması da əsas prioritetlər sırasındadır. Əsas məqsəd soydaşlarımızın bütün rahatlığının təmin edilməsidir. Görülən bu işlər Böyük Qayıdışı daha da sürətləndirir. Tezliklə soydaşlarımızın 30 il həsrəti ilə yaşadıqları yurd-yuvalarına tam şəkildə qayıdışı təmin ediləcək. Bütün işləri öz daxili imkanları hesabına həyata keçirən Azərbaycan qısa müddətdə Böyük Qayıdışı ilə diqqətdə olacaq.