29 Mart 2024

Azərbaycanın daha bir neçə mədəniyyət nümunəsi UNESCO-ya daxil edildi – Siyahı

Azərbaycanın Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanla birgə təqdim etdiyi “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı” nominasiyası UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.

Qurumun rəsmi saytına istinadən yayılan xəbərə görə, qərar Mərakeş Krallığının Rabat şəhərində keçirilən, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında verilib.

Bununla yanaşı, Azərbaycanın irəli sürdüyü “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” nomaniyası UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.

Həmçinin, “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan) və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” (Azərbaycan və Türkiyə) Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.