08 Sentyabr 2024

Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm amil

Azərbaycan qədim neft diyarı olaraq artıq dünyada özünü qaz hasilatçısı və ixracatçısı kimi də təsdiq edib. Azərbaycanda neftçıxarmanın tarixi çox qədimdir. Dövlətimizin uğurlu enerji siyasəti Azərbaycanı regionda böyük enerji mərkəzinə çevirib. Zəngin enerji resurslarına malik olan Azərbaycan özünü bütün dünyada həm də mavi yanacaq ölkəsi kimi təsdiqləməkdədir. Respublikamız “Şahdəniz” yatağının işlənməsinin uğurla davam etdirilməsi, 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi sayəsində Avropanın mühüm qaz təchizatçılarından birinə çevrilərək “Qoca qitə”nin yeni enerji xəritəsini formalaşdırır.

“Cənub qaz dəhlizi” layihəsinin təşəbbüskarı və aparıcı qüvvəsi məhz  Azərbaycandır. Bu, Azərbaycanın tarixi nailiyyətidir. Bir çox ölkələri birləşdirən bu layihə gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur. Bu əməkdaşlıq formatı bu gün artıq özünü nəqliyyat sektorunda, ticarət sektorunda göstərir, ondan sonra digər sektorlarda göstərəcək. Zəngin ehtiyatlara və müasir nəql şəbəkəsinə malik olan, daim ədalətli enerji siyasəti həyata keçirən Azərbaycan Avropanın artan ehtiyacını müəyyən həcmlərdə qarşılamağa hazır və qadir ölkədir. Azərbaycanın enerji strategiyası bütövlükdə uğurla icra edilir. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumuna görə, ölkəmiz 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq statistik rəqəmlər onu göstərir ki, inamla bu hədəfə doğru gedirik.

Azərbaycanın enerji strategiyası uğurla icra edilir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir.

Cari ilin 18 iyul tarixi Prezident cənab İlham Əliyevin Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı ilə yadda qaldı. 

Qaz təchizatından söz açan ölkə başçısı bildirdi ki, enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur.

Ölkə rəhbəri qeyd etdi ki, əməkdaşlığın inkişaf dinamikası qorunulur. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq.

Azərbaycanın təbii qazını alan ölkələri qeyd edən dövlət başçısı vurğuladı ki, Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə.

Yeni tərəfdaşlıqdan danışan ölkə başçısı söylədi ki, Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Azərbaycan bir neçə aya Sloveniya bazarına daxil ola biləcək.

Dövlət başçısı bildirdi ki, mühüm imkanlar yaranacaq. İndi Avropada interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.

Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm amilə toxunan ölkə rəhbəri qeyd etdi ki, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı