13 İyul 2024

Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir

Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı biz həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə etmişik. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub – biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir – şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir.Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib.

Azərbaycan qazı yeni mənbədir. Yəni, biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük.Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir.

“Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Biz orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq.Növbəti nailiyyət hesab etdiyim bir hadisə Azərbaycanın daha iki ölkə – Macarıstana və Serbiyaya qaz nəql etməsi oldu. Beləliklə, bizim Avropaya qaz təchizatımızın coğrafiyası genişlənmiş oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir. Beləliklə, bütün bu planlar tamamilə realdır, onlar müfəssəl təhlilə, məlumata, informasiyaya və bizim maliyyə resurslarına, habelə investorlarla razılaşmalarımıza əsaslanır. Layihələrin bəziləri investorlarla birlikdə icra olunacaq, bəziləri isə SOCAR-ın özü tərəfindən həyata keçiriləcək. Bütün bunlar onu göstərir ki, potensial var və artmaqdadır.

Uzun illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi bütün şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı