23 Dekabr 2024

Azərbaycanın Avropa ilə genişlənən enerji tərəfdaşlığı, İtaliyanın xüsusi önəmi

İlham Şaban: “Həm ölkədə, həm də xarici bazarlarda enerjiyə tələbat artır”

Xəbər verdiyimiz kimi, fevralın 13-də Azərbaycanda 1280 MVt istehsal gücünə malik istilik elektrik stansiyasının təməli qoyulub. Stansiyanın 2,5 il ərzində tikilərək, 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Yeni stansiya müstəqillik dövründə Azərbaycanda inşa olunan ən böyük stansiya olmaqla yanaşı, ən müasir və yanacağa qənaətli texnologiya əsasında qurulması ilə də fərqlənir.

Xatırladaq ki, yeni stansiya Mingəçevirdə yerləşən, Azərbaycanın ən böyük enerji istehsalı müəssisəsi olan “Azərbaycan” İES-in modernləşdirilməsi çərçivəsində qurulur. Belə ki, 2022-ci ilin oktyabrında Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan” İES-in mövcud avadanlıqlarına əlavə müasir texnologiyalar tətbiq edilərək, 600 MVt gücündə olan 7-ci və 8-ci enerji bloklarının gücünün daha 1 280 MVt artırılması nəzərdə tutulurdu. Rəsmi məlumata görə, blokların modernləşdirilməsi nəticəsində hər kVt/s-a düşən şərti yanacağın həcmi 100 qram azalacaq. Bu isə təxminən ildə 1 milyard kubmetr təbii qaza qənaət edilməsinə imkan verəcək.

Nazirlər Kabineti Prezident sərəncamının icrası məqsədilə yeni güclərin yaradılması prosesində idxal olunacaq bütün avadanlıqları və ehtiyat hissələrini gömrük idxal rüsumlarından azad edib.

Prezident İlham Əliyev yeni stansiyanın təməlqoyma mərasimindəki çıxışında Mingəçevirin ölkənin enerji təminatında strateji rol oynadığını deyib, Vətən müharibəsi dövründə Ermənistanın buna görə oranı vurmağa çalışdığını qeyd edib: “O vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi”.

Prezident qeyd edib ki, Mingəçevir şəhərinin, Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır.

Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesinə 2018-ci ildə burada baş verən və ölkənin ümumi enerji sistemində kollapsa gətirən qəzadan sonra başlanıb. 2020-ci ilədək stansiyanın 8 bloku tamamilə yenidən qurulub və stansiya öz istehsal gücünü  – 2400 meqavattı tam bərpa edib.  Bu isə təxminən 600 meqavatdan çox itirilmiş gücün yenidən bərpa olunması deməkdir.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7 937 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 278 MVt-dır ki, bu da ümumi gücün 17  faizini təşkil edir. Eyni zamanda ümumilikdə Xəzər dənizinin Azərbaycan sektorunun külək enerjisinin potensialı yüksək qiymətləndirilir. Belə ki, ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilib. Bu potensialın 35 QVt hissəsi dəniz sahilinə yaxın dayazsulu ərazilərə, 122 QVt hissəsi isə 50 metrdən artıq dərinlikli hövzələrə uyğun gəlir.

İlham Şaban: “Neftin qiyməti bu səbəblərə görə bahalaşır” - 20.12.2020,  Sputnik Azərbaycan

İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, yeni güclərin yaradılması ən müasir texnologiyalar əsasında aparılır: “Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyası fəaliyyətə 1981-ci ildə başlayıb. İndi hökumət onun istehsal gücünü daha da artırır. Burada İtaliyanın “Ansaldo Energia” şirkətinin ən müasir tipli 4 turbini quraşdırılacaq. Bundan əlavə, orada daha yüksək faydalı iş əmsalı olan avadanlıqların tətbiqi nəzərdə tutulur. “Azərbaycan” İES-də 1 kVtsaat elektrik enerjisi almaq üçün 260 qram şərti yanacaqdan istifadə olunur. Yeni turbinlər isə cəmi 200 qram şərti yanacaq tələb edir. Bunun nəticəsində 1 milyard kubmetrə yaxın qaza qənaət olunmaqla  “Azərbaycan” İES-in istehsal gücü 40 faizə qədər artacaq. Buna ehtiyac vardımı? Əlbəttə, vardı. Ölkənin özündə enerjiyə tələbat artır. Eyni zamanda ixracı artırmaq üçün əlverişli bazar şərtləri  var. Keçən il ilk dəfə olaraq Azərbaycan xaricə 3 milyard kVtsaata yaxın elektrik enerjisi ixrac etməyə nail olub. Yəni Azərbaycanın müasir texnologiyalara əsaslanmaqla enerji istehsalını artırmasını səmərəli edən şərtlər var”.

Ekspert bildirir ki, alternativ enerji mənbələrinə əsaslanan istehsal müəssisələrini yaradarkən, onların ənənəvi mənbələr hesabına tamamlanmasını təmin etmək zəruridir: “Alternativ enerji istehsalı stansiyaları öz gücünün 40-50 faizində real istehsala imkan verir. Yəni günəş, külək həmişə olmur ki, zəruri istehsal həcmini daimi təmin edə biləsən. Bu baxımdan, tamamlayıcı xarakterli, stabil istehsal imkanı olan stansiyaların olması mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, belə bir gücdən ixrac üçün bəhrələnib, əlavə gəlir əldə etmək imkanı da varsa, daha da gözəl”.

Rəsmi statistikaya əsasən, 2023-cü ilin yanvarında Azərbaycanın ixracında əsas artım elektrik enerjisində qeydə alınıb. Belə ki, 548 milyon 46.91 min kVt/saat elektrik enerjisi ixrac etmişik ki, bu da ötən ilin eyni dövrü (2 milyon 622 min kVt/saat) ilə müqayisədə 209 dəfə çox deməkdir. Elektrik enerjisi ixracından gəlirimiz isə 74.5 min dollardan 72 milyon 397.35 min dollara yüksəlib.

Azərbaycan yaxın gələcəkdə elektrik enerjisi ixracını dəfələrlə artırmaq niyyətindədir. Enerji Gürcüstandan Qara dənizin dibi ilə çəkiləcək kabellə Rumıniya sahillərinə çatdırılacaq, oradan isə digər Avropa ölkələrinə paylanacaq. Bu, 2022-ci ilin dekabrında Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”də əksini tapıb. Saziş Azərbaycanda istehsal olunacaq elektrik enerjisini Avropaya ötürmək üçün Qara dənizin dibi ilə kabelin çəkilməsini nəzərdə tutur. İmzalanma mərasimində dörd ölkənin dövlət başçıları ilə yanaşı, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də iştirak edib.

Avropa Komissiyası Qara dənizin dibi ilə kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb. 2024-cü ildən etibarən layihənin icrasına başlanması və 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur. Artıq Azərbaycandan ixrac olunacaq enerjinin saziş ölkələrindən kənarda ilkin müştəriləri də bəlli olmağa başlayır. Bunlardan biri Serbiyadır. Bu ölkənin prezidenti Aleksandr Vuçiç Bakıda olarkən ölkəsinin Azərbaycandan həm qaz, həm elektrik enerjisi almaq niyyətində olduğunu deyib.

Azərbaycan ixrac üçün zəruri həcmləri təmin etmək üçün alternativ mənbələrdən enerji istehsalını artırmaq istiqamətində bir sıra addımlar atıb. Bakı yaxınlığında hər biri 240 mVt  istehsal gücünə malik külək və günəş elektrik stansiyalarının tikintisinə başlanılıb. Eyni gücdə günəş elektrik stansiyasının işğaldan azad olunmuş Cəbrayılda qurulması işləri aparılır. Bundan əlavə, Azərbaycanın strateji investorlarının biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsal olunması planlaşdırılır. Bu enerjinin 80 faizi ixrac olunacaq. Şirkətlə Azərbaycan hökuməti 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə enerji gücləri yaratmağı planlaşdırır. Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etmək niyyətindədir.

Gürcüstan Qara dənizdə kabel çəkilişi üçün tədqiqatlara 20 mln. dollar  ayıracaq

Bundan əlavə, azad edilmiş torpaqların bərpa olunan enerji güclərindən də istifadə ediləcək. Bu ərazilərdə10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilib. Beləliklə də iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb, bu rəqəm 2023-cü ilin sonuna qədər 200 meqavata çatacaq.

Mingəçevirdəki yeni güclərin yaradılması layihəsinin ümumi dəyəri təxminən 400 milyon dollar təşkil edəcək. Bu, onun dünyada qurulan analoji stansiyalar arasında ən səmərəlilərindən biri olmasına imkan verəcək. Belə səmərəliliyin təmin olunmasına imkan verəcək əsas şərtlər yeni güclərin müvafiq zəruri infrastruktura malik Mingəçevirdə yaradılmasıdır.

Layihənin xərclərinin 60 faizi “Azərenerji” ASC-nin daxili vəsaiti hesabına maliyyələşdiriləcək, qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək. Hesab olunur ki, yüksək səmərəlilik sayəsində bir neçə il ərzində bu stansiyanın fəaliyyəti nəticəsində həm qoyulan vəsait qayıdacaq, eyni zamanda kredit borcu da bağlanacaq.

Stansiyanın tikintisində İtaliyanın və Çinin şirkətləri iştirak edəcək. İtaliya Azərbaycanın Avropada ən mühüm enerji və strateji tərəfdaşlarından biridir. Ölkələr arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. İtaliya yalnız enerji layihələrində deyil, Azərbaycanı Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə də dəstəkləyir. 2020-ci ildə 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycana qarşı beynəlxalq təşkilatlarda qətnamələrin qəbuluna imkan  verməyən ölkələrdən biri məhz İtaliyadır. Təsadüfi deyil ki, həm müharibə dövründə, həm də ondan sonra Ermənistan mətbuatı, erməni lobbisi İtaliya hakimiyyətinə qarşı təbliğat kampaniyaları təşkil etmişdilər.

Prezident İlham Əliyev çıxışında qeyd edib ki, energetika sahəsində İtaliya ilə əməkdaşlıq ənənəvi xarakter daşıyır: “Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir. Əməkdaşlıq təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır”.