03 Dekabr 2024

Azərbaycanda həyata keçirilən pensiya islahatları Orta Avropa standartlarına uyğundur – RƏY + FOTO

Bu ilin əvvəlindən 3,4 milyon insanı əhatə edən, maliyyə tutumu illik 2,1 milyard manat olan növbəti islahat paketi çərçivəsində minimum aylıq əməkhaqqı, müəllimlərin və başqalarının maaşları, bir sıra müavinət və təqaüdlər artırılıb. Minimum pensiyada artım edilib, pensiyalar indeksləşdirilərək artırılıb, pensiya alanlara maddi yardım ödənilir. Həmin artımlar üçün illik 440 mln. manat əlavə vəsait ayrılıb.

Gələn il pensiya ödənişlərinə 5 milyard 907 milyon manat yönəldilməsi nəzərdə tutulur ki, bu da 2022-ci ilə nisbətən 650 mln. manat (12 faiz) çoxdur. 2023-cü ildə pensiyaların orta aylıq məbləğinin bu ilkindən 14 faiz çox olmaqla 423 manat, yaşa görə pensiyaların orta aylıq məbləğinin 14,5 faiz çox olmaqla 456 manat olacağı gözlənilir.

2022-ci ilin 11 ayında pensiya ödənişlərinə 4 mlrd. 526 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 390 mln. manat (7,3 faiz) çoxdur. Pensiyaların orta aylıq məbləği 12 faiz artaraq 371 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 11 faiz artaraq 399 manata çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov “Report”a açıqlamasında bildirilib ki, Azərbaycanda həyata keçirilən pensiya islahatları Orta Avropa standartlarına uyğundur.

Onun sözlərinə görə, pensiya islahatları yığım prosesinə əsaslanır:

“Hər kəs işlədiyi yerdə özü müəyyən yığım prosesini həyata keçirir və o yığıma uyğun da həm yaşa görə, həm əlilliyə görə, həm ailə başçısının itirməyə görə əmək pensiyası müəyyən oluna bilir. Bu yığım olmadıqda, gərək 25 il sığorta stajı olsun. Bu da olmadıqda 2006-cı ildən 2018-ci ilə qədər heç olmasa bir gün işləyibsə, ona Prezident 25 illik sığorta stajını bağışlayır və o, minimum həddə olan əmək pensiyasını yaşa görə digər hallarda ala bilir”.

S.Məmmədov sığorta stajı və pensiya kapitalı olmayan şəxslərə pensiya yaşına çatdıqda (indiki halda kişilər 65, qadınlar 63 yaşın çatdıqda) ona qocalığa görə müavinət təyin olunduğunu bildirib.

Rəsmi məlumatlara görə, DSMF-nin gəlirləri 2022-ci ilin 11 ayında proqnozla müqayisədə 63 mln. manat (1,3 faiz) artaraq 5 mlrd.118 mln. manat, xərcləri 355 mln. manat (8 faiz) artaraq 4 mlrd. 798 mln. manat təşkil edib. Sosial sığorta daxilolmaları 11 ayda proqnozla müqayisədə 165 mln. manat (4,2 faiz) artaraq 4 mlrd. 79 mln. manat olub. Fondun 2023-cü il üçün həm gəlirləri, həm də xərcləri 6 mlrd. 264 milyon manat nəzərdə tutulur ki, bu da 2022-ci ilin müvafiq proqnoz göstəricilərindən 658 milyon manat (12 faiz) çoxdur. 2019-2022-ci illərdə yeni təqaüd növləri təsis olunub. Nəticədə, DSMF tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı 6,2 dəfə artaraq 368 min nəfərə çatıb. Bu ilin 11 ayında DSMF tərəfindən 838 min şəxsə sosial müavinət və təqaüd ödənilib. (o cümlədən 470 min şəxsə sosial müavinət, 368 min şəxsə Prezidentin aylıq təqaüdü). Sosial müavinətlər üzrə 36 faiz çox olmaqla 734 mln. manat, Prezident təqaüdləri üzrə 29 faiz çox olmaqla 492 mln. manat ödənilib.

11 ayda 22 min pensiya, 197 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb. 2019-cu ilin əvvəlindən bu proaktiv təyinatı mexanizmlərinin tətbiqinə başlanıb və ötən dövrdə həmin sosial təminat növləri üzrə 488 min (o cümlədən 70 min pensiya, 418 min müavinət və təqaüd) təyinat e-formada proaktiv qaydada aparılıb.

Ünvanlı sosial yardım proqramı 2022-ci ilin 11 ayında 60 min ailənin 266 min üzvünü əhatə edib. Sosial yardımın hər ailə üzrə orta aylıq məbləği 41 faiz artaraq 388 manat olub.

Nazirliyin 174 xidmətindən 110-u elektron qaydada göstərilir, onlardan 46-sı proaktiv qaydada həyata keçirilir. Bu ilin 11 ayında həmin e-xidmətlərə 9,5 milyon müraciət olub, 219 min pensiya, müavinət, təqaüd təyinatı, 195 min fərdi hesab açılması e-sistem üzərindən yerinə yetirilib.

Yeni qanun layihəsinə əsasən, 2023-cü ilin dövlət büdcəsi xərclərinin 46 faizi sosialyönümlü xərclər olacaq ki, bu da gələn ilin dövlət büdcəsinin də sosialyönümlü olacağını göstərir.

Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri, Qarabağ qazisi Rey Kərimoğlu isə vurğulayıb ki, Azərbaycan dövləti hər zaman hərbi qulluqçular, qazilər, veteranların və aztəminatlı ailələrin problemlərini həll etməyə çalışır:

“Onların mənzil təminatını yaxşılaşdırmaq üçün milyonlarla vəsait xərcləyir. Qarabağ əlilləri üçün avtomobil verirlər. Onların müalicələri üçün böyük vəsait ayrılır. Dövlət bu istiqamətdə böyük işlər görür. Amma ölkədə nəzərə çarpacaq qədər pensiya islahatı olsa çox yaxşı olar”.

Qeyd edək ki, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qərarı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən növbəti addımdır. Yeni qanun pensiyaların indeksləşdirilərək artırılmasında gələn ilin əvvəlindən bütün növ pensiyalara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edir.

“Report” İnfomasiya Agentliyi