Azərbaycanda bir neçə jurnalist saxlanılıb: Rəsmi açıqlama və yaxınların iddiaları
Azərbaycanda fəaliyyət göstərən bir neçə jurnalistin saxlanıldığı barədə məlumat yayılıb.
Musavat.com bildirir ki, bu barədə onların yaxınları mediaya açıqlama verib. Yaxınlarının bildirdiyinə görə, jurnalistlərdən Aynur Elgünəş, Aytac Tapdıq, Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko) və Xəyalə Ağayeva Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.
Rəsmi mövqe
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Turan” agentliyinə verilən məlumata görə, saxlanılanlardan biri olan Ramin Cəbrayılzadə (Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirilməsi ilə bağlı daxil olan məlumat əsasında saxlanılıb. Nazirlikdən bildirilib ki, məsələyə dair əlavə araşdırmalar aparılır və digər saxlanılan şəxslərlə bağlı məlumatlar araşdırma prosesinin yekununda açıqlanacaq.
DİN nümayəndəsi qeyd edib:
“Bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb. Əlavə məlumat veriləcək.”
Ramin Dekonun ittihamlara münasibəti isə hələlik məlum deyil.
Sözügedən jurnalistlərin Meydan TV ilə əməkdaşlıq etdiyi bildirilir. Lakin Meydan TV və jurnalistlər məsələyə münasibət bildirməyib. Araşdırmanın gedişi barədə dəqiq məlumat hələlik ictimaiyyətə açıqlanmayıb.