Azərbaycanda 50 şahin quşu vəhşi təbiətə buraxılıb – FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qətər Dövlətinin Azərbaycandakı səfirliyi ilə birgə ölkəmizin bioloji müxtəlifliyinin inkişafına dəstək məqsədilə adı “Qırmızı Kitab”a düşən Şahin quşlarının Siyəzən və Şabran rayonları ərazisində vəhşi təbiətə buraxılışını həyata keçirib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, bu gün keçirilən tədbirdə Qətər dövləti tərəfindən təqdim olunmuş 50 ədəd Şahin quşu təbii areallarına buraxılıb və tədbir Azərbaycanda “Qırmızı Kitab”a düşən və sayı azalan növlərin bərpasına, bioloji müxtəlifliyin qorunmasına, növlərin populyasiyalarının sabitləşməsinə töhfə vermək, bu sahədə dayanıqlı inkişafı dəstəkləmək məqsədi daşıyır.
Xidmət rəsmisi, tədbirdə Ekologiya və Təbii Sərvətlər nazirliyinin rəsmilərinin, həmçinin Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Al Hinzab, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Bakı ofisinin rəhbəri Elşad Əsgərov, Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanovun və Qətər Dövlətindən ölkəmizə gələn qonaqların iştirak etdiyini də vurğulayıb.