22 Dekabr 2024

Azərbaycana qarşı heç bir qərəzin və böhtanın əsası yoxdur

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı dövlətimizin başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin Azərbaycana səfər etməsinin önəmini qeyd edib.

Nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib. Eyni zamanda Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik.

Dövlətimizin başçısı bir məsələni də təəssüf hissi ilə qeyd edib ki, Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. “Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm”, – deyən Prezident İlham Əliyev bunu həmin yazıların müəlliflərinin özlərinin də yaxşı bildiyini vurğuladı və qeyd etdi ki, Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Almaniya səfiri də ölkəmizdə gedən proseslərin şahididir.

Azərbaycan Lideri görüşdə dünyada hökm sürən ikili standartlar və anti Azərbaycan siyasəti haqqında da məlumat verərək bildirdi ki, Azərbaycan haqqında bilərəkdən mənfi təəssürat yaradılır: ilk olaraq onu qeyd etmək yerinə düşərdi ki, istər Ermənistanın işğalı dönəmində istər mülki vətəndaşlarımızın, şəhərlərimizin Ermənistan tərəfindən raketlərlə vurulması zamanı bir sözlə heç bir zaman Ermənistana qarşı heç bir hüquqi addım atılmamış, beynəlxalq hüquq aliliyi Ermənistan üçün işləməmişdir. Eyni zamanda ölkəmizə qarşı anti-Azərbaycan, qərəzli, böhtan siyasətinin şahidi olmuşuq. Lakin birmənalı olaraq hər kəs bilməlidir ki, Azərbaycana qarşı heç bir qərəzin və böhtanın əsası yoxdur. Çünki bizim işimiz haqq, mövqeyimiz isə ədalətlidir.

Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms isə vurğulayıb ki, Almaniya biznes dairələri Azərbaycanın Cənubi Qafqazda sülh proseslərinə sadiqliyini yüksək qiymətləndirir və bu da öz növbəsində bütün regionda müsbət inkişafın əsasını qoya bilər.

Görüşdə iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri