08 Sentyabr 2024

Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir

Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı – Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır. Ölkə başçısının apardığı daxili və xarici uğurlu siyasətin nəticəsində dövlətimizin gücü və qüdrəti durmadan artır, artıq dünya Azərbaycanın yaratdığı reallıqlarla hesablaşır. Azərbaycan Prezidenti İlham Əliyevin “güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah” konsepsiyası Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. İqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilmiş Azərbaycanda 2023-cü ilin birinci yarımili ərzində də dayanıqlı iqtisadi inkişaf qeydə alınıb, qarşıya qoyulan sosial-iqtisadi hədəflərə çatılması üçün real addımlar atılıb.

Cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən Prezident İlham Əliyev ölkəmizin iqtisadi inkişafını vurğulayaraq qeyd edib ki, cari ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Qeyri-neft sənayemizin 6,5 faiz, qeyri-neft sektorunun 3 faizdən çox artdığını, ölkəmizdə maliyyə vəziyyətimizin böyük dərəcədə yaxşılaşdığını qeyd edən dövlətimizin başçısı qarşıdakı planları açıqlayıb. Makroiqtisadi sabitliyin uzun illər ərzində təmin edildiyini, manatın məzənnəsinin altı ildir ki sabit olduğunu xatırladan dövlətimizin başçısı bildirib ki, “İnflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. İlin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır”.

Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulmasının nəzərdə tutulduğunu diqqətə çatdıran cənab prezident Qayıdış proqramının ardıcıllıqla aparıldığını, nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsinin nəzərdə tutulduğunu və iqtisadi layihələrin miqyasının bütün ölkəni əhatə etdiyini qeyd edib.

Dünyanın müxtəlif yerlərində beynəlxalq hüququn işləmədiyini vurğulan dövlətimizin başçısı bildirib ki, “Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz. Dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Böyük dövlətlər bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Özümüzü, öz müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışıq”.

Hərbi potensial və azad edilmiş torpaqların bərpası ilə bağlı fikirlərini bölüşən prezident İlham Əliyev eyni zamanda çıxışı zamanı sülh danışıqları ilə bağlı məsələlərə də yer ayırıb.

Nəqliyyat sektorunun əhəmiyyətinə toxunan dövlətimizin başçısı bu sektora tələbatın artdığını, Azərbaycanın bu sahədə çox etibarlı tərəfdaş kimi çıxış etdiyini və öz qonşuları ilə sıx təmasda olduğunu qeyd edərək vurğulayıb ki, qonşuların nəqliyyat problemlərinin həlli üçün ölkəmiz köməyini də əsirgəmir.

Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı dövlət proqramının qəbul edildiyini diqqətə çatdıran prezident İlham Əliyev bildirib ki, bu Proqram Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır. Proqram bizim öz resurslarımıza əsaslanıbdır. Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi qoyulmuşdur.

Ölkəmizin böyük hissəsinin artıq rəsmən “yaşıl enerji” zonası elan edildiyini və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisənin tamamilə qəbuledilməz olduğunu vurğulayan prezident İlham Əliyev baş vermiş təxribatları da xatırladaraq qeyd edib ki, vətəndaşlar qanuna tabe olmalıdırlar: “Polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil”. Dövlətimizin başçısı qeyd edib ki, araşdırmaların obyektivliyi təmin olunmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gədəbəydə baş vermiş vəziyyətlə bağlı bu cür yanaşması qəbuledilməzdir.

Prezident İlham Əliyev gedib camaatla danışmaq, torpağın, havanın nümunələrini götürmək, beynəlxalq ekspertləri cəlb etmək barədə tapşırıq verdiyini də diqqətə çatdırıb. Dövlət başçısı burada işləyən xarici şirkətləri də Azərbaycan qanunlarına hörmət bəsləməyə çağırıb.

Prezident İlham Əliyev çıxışında “Abşeron” qaz-kondensat yatağından ilkin qazın çıxarılması məsələsinə də toxunaraq bunu ölkəmiz üçün əhəmiyyətli hadisə kimi dəyərləndirib.

Cari ilin ötən 6 ayında sosial-iqtisadi inkişafın göstəriciləri onu deməyə əsas verir ki, dünyada baş verən gərgin geosiyasi proseslərə baxmayaraq, Azərbaycanın davamlı inkişaf strategiyası uğurla həyata keçirilir, ölkəmiz tam müstəqil siyasi xətt tutaraq daim inkişafa doğru irəliləyir.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini