12 May 2025

Azərbaycan- Vyetnam münasibətləri yeni inkişaf mərhələsindədir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 42 il əvvəl sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri, xalqlarımız arasında isti münasibətlərinin formalaşmasında müstəsna rol oynayıb. Ötən əsrin 70-80-ci illərində qurulmuş möhkəm bünövrə, eyni zamanda, Vyetnam xalqını elm və təhsil sahəsinin inkişafında, milli kadr institutunun formalaşmasında tarixi əhəmiyyət kəsb edib. Bakıda ali təhsil ocaqlarında, ələlxüsus da Dövlət Neft və Sənaye Universitetində təhsil alan vyetnamlı tələbələr yüksək ixtisaslı kadr kimi yetişərək öz ölkələrində yüksək vəzifələrə təyin olunub, dövlətlərinin inkişafına töhfə veriblər. Bu misilsiz xidmətləri heç vaxt unutmayan vyetnamlılar Azərbaycanı özlərinin “ikinci Vətən” kimi dəyərləndiriblər.

2014-cü ildə Prezident İlham Əliyevin Hanoya səfəri zamanı həmin məzunların görüşdə “Tələbə” mahnısını oxuması da məhz bu tarixi dostluq ənənəsinin xoş təntənəsi kimi qarşılanıb. Cənab Prezidentin həmin səfəri iki dövlət arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyub, ardınca Vyetnam Prezidentinin Bakıya rəsmi səfəri əməkdaşlıq üçün yeni təməllər yaradıb. Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana gerçəkləşən ilk səfəri isə ali səviyyəli qonağın qətiyyətli siyasi iradəsini əks etdirir və münasibətlərin inkişafına doğru yeni addımdır.

Prezident İlham Əliyevin də vurğuladığı kimi səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək, qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıracaqdır. 7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mətbuat qarşısında verdiyi bəyanatlar, tarixə iki dost və strateji tərəfdaş ölkənin yeni mərhələyə keçid anı kimi daxil olacaq. Bu bəyanatlarda ifadə olunan fikirlər təkcə cari münasibətlərin mənzərəsini təqdim etmir, eyni zamanda gələcək illərə hesablanmış siyasi, iqtisadi və geosiyasi əməkdaşlığın konturlarını da cızır. Strateji tərəfdaşlıqdan qlobal həmrəyliyə doğru yolları müəyyənləşdirir.

Cənab Prezident İlham Əliyev tərəfindən xüsusi vurğulanan “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat” iki ölkə arasında etimad və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin nə qədər dərin və davamlı olduğunu sübut edir. Bu sənəd, ilk növbədə, Azərbaycanın Asiya-Sakit okean regionuna olan marağını və həmin bölgədə etibarlı tərəfdaşlarla daha sıx işləmək əzmini nümayiş etdirir. Cənab Prezidentin sözləri ilə desək, bu sənəd “Vyetnam–Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran” ciddi bir siyasi iradə nümunəsidir. Bu, sadəcə diplomatik jest deyil bu, gələcəyin əməkdaşlıq strategiyasıdır. Azərbaycan diplomatiyası tarix boyu ədalətə, beynəlxalq hüquqa və dövlətlərin suverenliyinə hörmət prinsipinə əsaslanıb.

Cənab Prezident İlham Əliyevin bəyanatında ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və beynəlxalq hüququn aliliyi məsələlərinin xüsusi yer alması da bu siyasətin bariz nümunəsidir. Azərbaycan son illərdə qeyri-neft sektorunun inkişafına, xüsusilə sənaye, kənd təsərrüfatı, logistika və texnologiya sahələrinə böyük sərmayələr yönəldir. Bu baxımdan, Vyetnam kimi yüksək sənayeləşmə səviyyəsinə malik ölkə ilə birgə istehsal müəssisələrinin yaradılması və texnologiya mübadiləsi strateji əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin ifadəsi ilə, “Azərbaycan iqtisadiyyatına bu günə qədər 310 milyard dollardan çox sərmayə yatırılıb və bu, ölkənin stabil və cəlbedici investisiya məkanı olduğunu sübut edir.” Belə şəraitdə Vyetnam şirkətləri üçün Azərbaycan Cənubi Qafqazda və Xəzər bölgəsində əlverişli istehsal və ixrac bazasına çevrilə bilər.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı