10 Yanvar 2025

Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar

“Prezident İlham Əliyev: İqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, gələn illərdə bu dinamika saxlanılacaq. Əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da tənəzzülə nəzər salsaq görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır.” Bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.

Bu göstəricilərin, sadəcə olaraq, keçən ilin məhsulu olmadığını vurğulayan dövlətimizin başçısı deyib: “Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Yəni, onlar da reallıqları inkar edə bilməzlər. Halbuki mən hesab edirəm ki, bizim beynəlxalq reytinqimiz indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq”.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanda sosial sahədə atılan addımlardan danışıb. Bu il yanvarın birindən minimum əməkhaqqının və pensiyanın artdığını vurğulayan dövlətimizin başçısı deyib: “Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Cəmiyyətdə də, siyasətdə də, ailədə də hər şey ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub”.

Son bir neçə il ərzində dörd sosial paketin həyata keçirildiyini vurğulayan Prezident, həmçinin qeyd edib: “İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə – minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik”.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı