19 Fevral 2025

Azərbaycan və Somali arasında əlaqələr daha da möhkəmlənəcək

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında Somali Prezidentinin Azərbaycana ilk rəsmi səfərinin tarixi əhəmiyyətini vurğulayaraq, bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərində yeni səhifə açacağına əminliyini ifadə edib. O, həmçinin, görüş zamanı qarşılıqlı maraq doğuran bir çox məsələlərin müzakirə edildiyini bildirib.

Prezidentlər arasında keçirilən görüşlərdə dövlət xidmətlərinin göstərilməsi, yaşıl enerji, təhsil və müdafiə sahələrində əməkdaşlığa dair anlaşma memorandumları və sazişlər imzalanıb. Bu sənədlər ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsinə qarşılıqlı iradəni nümayiş etdirir.

Prezident İlham Əliyev, həmçinin, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Afrika ölkələri ilə, o cümlədən Somali ilə əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirildiyini qeyd edib. O, iqtisadi əməkdaşlıq sahəsində neft-qaz, kənd təsərrüfatı, balıqçılıq və logistika kimi sahələrdə böyük potensialın mövcud olduğunu bildirib. Təhsil sahəsində isə Azərbaycan hökumətinin Somali tələbələri üçün ali təhsil müəssisələrində təqaüdlü təhsil imkanları yaratmaq niyyətində olduğunu vurğulayıb.

Prezident Hasan Şeyx Mahmud isə öz bəyanatında Azərbaycanın qonaqpərvərliyinə görə təşəkkür edib və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair nikbinliyini ifadə edib. O, xüsusilə, iqtisadiyyat, təhsil və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Bu səfər və imzalanan sənədlər Azərbaycan və Somali arasında əlaqələrin daha da möhkəmlənməsinə və müxtəlif sahələrdə əməkdaşlığın inkişafına təkan verəcəkdir.

Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı