Azərbaycan və Gürcüstanın qarşılıqlı iqtisadi əlaqələri

Azərbaycan və Gürcüstan arasında münasibətlərin səviyyəsi və layihələrin icra potensialı ona görə yüksək və məhsuldardır ki, hər iki dövlət bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəkləyir, bunu açıq şəkildə bütün beynəlxalq platformalarda dilə gətirir. Həmçinin, iki dövlət rəsmiləri arasında qarşılıqlı səfərlər, yüksək səviyyəli və nəticəli danışıqların aparılması münasibətləri daha da inkişaf etdirməyə təkan verir. Azərbaycan və Gürcüstan ticarət-iqtisadi əməkdaşlığa ənənəvi olaraq böyük əhəmiyyət verirlər. Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ticarət dövriyyəmiz artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoymuşlar.
Azərbaycan-Gürcüstan münasibətləri, ələlxüsus iqtisadi və enerji infrastruktur layihələri çərçivəsində həyata keçirilən və hər keçən il spektri daha da genişlənən əməkdaşlıq münasibətləri nəinki Cənubi Qafqaz məkanı, eləcə də digər ölkə və regionlar, xüsusilə də Avropa və Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır. Bu gün hər iki dövlət birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq.
Nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur əvəzolunmaz imkanlar açacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olub. Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı