Azərbaycan və Gürcüstanı tarixən çoxsaylı və möhkəm əlaqələr birləşdirir

Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayır. İki dövlət arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam edir. Bu əlaqələr həm regional, həm də qlobal səviyyədə tərəflərin maraqlarına uyğun olaraq qarşılıqlı fayda prinsipi üzərində qurulmuşdur. Ölkələrimiz arasında mədəni əlaqələr də geniş inkişaf edib. 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi nəticəsində Tbilisi şəhərində M.F.Axundzadənin adını daşıyan 73 saylı, Marneuli şəhərindəki 7 saylı, Qardabani şəhərindəki 3 saylı, Dmanisi rayon mərkəzindəki 2 saylı məktəblər əsaslı şəkildə təmir olunub istifadəyə verilmiş, eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən Qardabani rayonunun Qaracalar kəndində, Bolnisi rayonunun Hasanxocalı və Cəfərli kəndlərində, Dmanisi rayonunun Kirovis kəndində müasir tipli yeni məktəb binaları tikilmişdir. Marneuli rayonunun Alget və Lecbəddin kənd orta məktəbləri, Qardabani rayonunda uşaq bağçası və Nəzərli kənd orta məktəbi təmir edilmiş, Marneulidə “Çay evi” inşa edilmiş, Tbilisi şəhərində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyi və görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun ev muzeyi təmir edilmişdir.
Baş nazir İrakli Kobaxidzenin Bakıya işgüzar səfəri ikitərəfli strateji tərəfdaşlığın dinamikasını daha da gücləndirəcək. Eyni zamanda bu səfər ölkələrimiz arasında əməkdaşlığının dərinləşdirilməsinə bir daha xidmət edəcək. Bildiyiniz kimi, Cənubi Qafqazın əsas ölkələri olan Azərbaycan və Gürcüstanı tarixən çoxsaylı və möhkəm əlaqələr birləşdirir. Xalqlarımız arasında keçmişdə formalaşan tarixi dostluq əlaqələri bu gün sarsılmaz siyasi, iqtisadi müttəfiqliklə möhkəmlənib. Eyni zamanda, mədəniyyətimiz, adət-ənənələrimiz, əlaqələrimiz nəsildən-nəslə keçdiyi üçün təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da münasibətlər nümunəvi xarakter alıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan və Gürcüstan arasındakı münasibətlər digər ölkələr üçün nümunədir. Hər iki ölkə rəhbərlərinin bəyanatlarında da bu aydın görünür. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Ölkələrimiz arasında ticarət əlaqələri gündən-günə genişlənir. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Bundan əlavə, ölkələrimizin enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Bütün bunlar ölkələrimiz arasındakı münasibətlərin iqtisadi, siyasi və digər sahələrdə yüksələn xətt üzrə inkişafını sübut edir.
Azərbaycanla Gürcüstan arasında əlaqələrin inkişafına böyük təkan verən ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir.Həyata keçirilən layihələr qarşılıqlı münasibətləri daha da dərinləşdirir. Əlbəttə, hər iki dövlət arasında münasibətlərin indiki səviyyəyə gəlib çatmasında Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri mühüm baza rolunu oynayıb.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı