23 Dekabr 2024

Azərbaycan təmiz dünya uğrunda mübarizə aparır

Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi yüksək nailiyyətlərin sayı və önəmi artmaqda davam edir. Bir neçə gün bundan öncə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının gələn il ölkəmizdə keçirilməsi barədə qərar qəbul edilib. Bütün dünya ölkələrinin yekdil rəyi ilə qəbul edilmiş bu qərar dünya birliyi tərəfindən Azərbaycana göstərilən böyük hörmət və etimadın növbəti nümayişidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə xüsusi müşavirənin keçirilməsi COP29-un gələn il Azərbaycanda keçirilməsinin ölkəmiz üçün müstəsna siyasi əhəmiyyət kəsb etdiyindən xəbər verir. Məlumdur ki, ölkəmizin bu ilin sentyabr ayında uğurla həyata keçirdiyi antiterror tədbirlərindən sonra bəzi Qərb dövlətləri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdülər. Bu ittihamlar qərəzli xarakter daşıyır və onların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək suverenliyini bərpa etmişdir. Prezident İlham Əliyev COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə bağlı dekabrın 15-də keçirdiyi müşavirədə bu məsələyə də toxunaraq dünya ölkələri tərəfindən antiterror tədbirlərdən cəmi iki ay yarım sonra belə bir qərarın qəbul olunmasını mühüm siyasi əhəmiyyət kəsb edən bir hadisə kimi qiymətləndirmişdir. Bu qərar əlbəttə ki, bütün dünya ictimaiyyətinin Azərbaycana dəstəyinin bariz ifadəsidir. Hətta Ermənistanın belə artıq yaranmış reallıqlarla barışdığı halda, Fransanın öz destruktiv mövqeyini ortaya qoyması, bu ölkənin bəzi siyasi liderlərinin ermənilərdən daha çox erməni olmağa çalışmaları anlamına gəlir. Lakin Prezident İlham Əliyevin dediyi kimi, beynəlxalq birlik heç də 30-40 ölkədən ibarət deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərdilər.

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.

“Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır” söyləməklə Prezident İlham Əliyev inamını ifadə edib. Çünki onun siyasəti həm ölkə daxilində, həm də dünyada dəstəklənir. Bu mühüm tədbirin Bakıda keçirilməsi də bir daha sübut edəcək ki, Azərbaycan təmiz dünya uğrunda mübarizə aparır.

Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri