17 İyul 2025

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunması və vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir. İnsan hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədini təşkil edir. Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. Qeyd edək ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamız Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub.

Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyimizin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində  mütərəqqi islahatlar həyata keçirib. Respublikamızda insan hüquq və azadlıqlarının reallaşdırılması və yüksək səviyyədə müdafiəsi istiqamətində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hər cür şərait yaradılıb. Xüsusiilə vurğulamaq lazımdır ki, dövlətimizin bu istiqamətdə beynəlxalq nüfuzu artmışdır. Bu gün respublikamızın dünyada müxtəlif milli-dini sivilizasiyaların qovuşduğu tolerant bir ölkə kimi tanınır. Bildirməliyik ki, müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin ali məqsədlərindən biridir.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunması və vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra inkişaf etməyə başladı.  Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ilin 12 noyabrında qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasınında insan hüquq və azadlıqları ilə bağlı müddəalar təsbit olunmuşdur.  

Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Sərəncam Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanıb.

Prezident İlham Əliyevin  bununla bağlı imzaladığı Sərəncamda da qeyd olunduğu kimi müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu anti-terror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bütöv və suveren Azərbaycanda bərqərar oldu. Konstitusiyamızın  təməl prinsiplərindən biri olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasının 5-ci ildönümünün və Konstitusiyanın  qəbul edilməsinin 30-cu ildönümü ilə üst-üstə düşməsi 2025-ci ilin ən yeni tariximizə “Konstitusiya və Suverenlik İli” kimi daxil olmasına əsas verdi.

Konstitusiya dövlətin ali hüquqi qüvvəyə malik olan əsas qanunudur: “Bu qanun dövlət quruluşunun əsas prinsiplərini,  insan və vətəndaşların hüquq və azadlıqlarının ali hüquqi təminatlarını, dövlət hakimiyyəti və idarəçilik orqanlarının quruluşunu (idarəçilik formasını) və qarşılıqlı münasibətlərini əks etdirməklə hüquqi cəhətdən rəsmiləşdirir. Konstitusiya dövlətin funksiyalarının dairəsini cızmaqla onun insan və cəmiyyətlə münasibətlərinin əsasını, həmin münasibətlərin həyata keçirilməsi istiqamətlərini nəzərdə tutur. Əsas Qanun hüquqi tənzimlənmənin hərtərəfli həyata keçirilməsi üçün baza rolunu oynayan daha mühüm normaları və prinsipləri müəyyən edir. Konstitusiyada onun maddələrinin dəyişdirilməsinin xüsusi qaydası nəzərdə tutulur və bu, ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilir. Həmin xüsusiyyətlər adi qanunlarla müqayisədə konstitusiyanın müstəsnalığını müəyyən edir. İlk konstitusiyalar feodal monarxiyasının mütləqiyyətini ləğv etməklə hakimiyyət və azadlıq arasında optimal nisbəti müəyyən etməyə, dövlətin müəyyənləşdirilmiş qaydalara tabe olmasına xidmət edib. XIX-XX əsrlərdə  konstitusiyaların mühüm rolunun dərk olunması bərqərar olmuş, “konstitusiya hüquq və azadlıqları”, “konstitusiya quruluşu”, “konstitusiya təminatları” kimi  anlayışlar meydana çıxıb. Konstitusiyada, bir qayda olaraq, onun xalq tərəfindən və ya xalq üçün qəbul olunması müddəası əksini tapır. Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında onun ümumxalq sәsvermәsi – referendum yolu ilə bu ülvi niyyətlərlə qəbul edilməsi müəyyənləşdirilib: Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək”.

Konstitusiyanın özünəməxsusluqlarından biri də onun xalq suverenliyini, yəni xalqın özünün öz taleyini həll etməsini elan etməsidir: “Azərbaycan Respublikası Konstitusiyasının 2-ci maddəsi müəyyən edir ki, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Konstitusiyanın mühüm funksiyalarından biri də, onun dövlətin varisliyi prinsipinə sadiqliyini əks etdirməsidir. Konstitusiyanın Preambulasında məhz bu cəhətə istinad edilərək qeyd olunur ki, “Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək niyyətlərini bəyan edir”. Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəyə qalxaraq demokratik dövlət quruculuğu yolu ilə getmək arzusu, müstəqil milli demokratik dövlətdə yaşamaq istəyi ilə bağlı ulu öndər Heydər Əliyev Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda yaradılmasını həmişə qürurla vurğulayar, xalqın övladı kimi bununla fəxr edərdi: “Azərbaycan xalqı müstəqil dövlət qurmaq arzusunu həyata keçirməyə çalışmış və buna 1918-ci ildə nail olmuşdur. Bu müstəqil Azərbaycan Cümhuriyyəti iki il yaşamışdır. Həmin dövr çox ağır, ziddiyyətli və çətin dövr olmuşdur. Əvəzində Azərbaycan xalqı ilk dəfə müstəqilliyin dadını görmüş, onda müstəqilliyə nail olmaq inamı yaranmışdı. Azərbaycan xalqı demokratik prinsiplər əsasında dövlət qurmağa başlamışdı”. Heydər Əliyev hesab edirdi ki, Azərbaycan Demokratik Respublikasının qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, onun xalqın azadlıq uğrunda sonrakı mübarizəsi tarixində böyük əhəmiyyəti olmuşdur: “1918-ci ilin may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Azərbaycan tarixində böyük siyasi-ictimai hadisədir. Belə bir demokratik dövlətin mövcud olması və müəyyən qədər fəaliyyət göstərməsi Azərbaycanın sonrakı dövrlərinə təsir edibdir”. Konstitusiyaya müvafiq olaraq xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa, heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur”.

Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcək”.

Nəriman İsmayılov-Bərdə rayon Qeydiyyat şöbəsinin rəisi, Kiçik ədliyyə müşaviri