04 Avqust 2025

Azərbaycan rəqsləri milliliyini itirməkdədir – Mogikanlar narahatdır

İnci insanlar olur. Onları görmək, səslərini eşitmək, sözlərini dinləmək, səssizliklərinə tamaşa etmək insanda unudulmaz xoş duyğular yaradır. Həmin şəxsiyyətlərin üçü ilə təsadüfən ünsiyyətdə olmaq sevinci yaşadım. 
Mogikan rəqqaslar – Roza Cəlilova, Cəmilə Bayramova, Yusif Qasımov. Milli Azərbaycan rəqslərinin mahir ifaçılarına cəmi bir sual ünvanladım. 

– Azərbaycan rəqsləri sovet dövründə dah çox milli xarakter nümayiş etdirirdilər. Müstəqil ölkənin mədəniyyətini təmsil etməyə başlayandan rəqslərimizdəki milli elementlər demək olar yoxa çıxıb. Səbəb nədir? 

Xalq artisti Yusif Qasımov: “Rəqsdə özümüzü gürcülərə, ləzgilərə bənzədirik, halbuki onlar bizim sənətimizə heyrandılar”

– Azərbaycan SSRİ-nin tərkibində olanda milli rəqslərimizin daha milli, müstəqillik dönəmində isə çox təəssüf ki, əksər hallarda qeyri-milli olmasının səbəbləri çoxdur, ancaq onlardan  problemin qaynağına çevrilən bir əsas nüansa toxunmaq istərdim. İttifaq dövründə rəqs musiqilərini bəstəkarlar yazırdılar. Dahi bəstəkarlar Tofiq Quliyev, Cahangir Cahangirov, Qılman Musayev, Rəşid Əfəndiyev, Telman Hacıyev, Ramiz Mirişli məhz rəqs musiqilərini bəstələyirdilər. Bu səbəbdən də milli rəqslərimizin abu-havası o musiqilərin içərisində özünü göstərirdi. İndi musiqi yazan yoxdur, hər bir kollektiv özü aranjeman edərək, ortaya istədikləri musiqini çıxarır. Azərbaycanın milli adət-ənənəsi, kökümüzü təşkil edən maraqları qalır bir tərəfdə, özlərini gürcülərə, ləzgilərə oxşatmaq istəyirlər. Azərbaycanın milli rəqsi adət-ənənələrimizi təmsil edən, onları sözsüz, amma dəqiq hərəkətlərlə göstərən, tamaşaçının gözləri qarşısında oynanılan rəqsin mənasını film kimi canlandıran əsrarəngiz incəsənət nümunəsidir. 3 il öncə ləzgilərin rəqs ansamblı gəlmişdi, onların bədii rəhbərini tanıyırdım, adı Canboladdır. O, özü heyrətlə deyirdi ki, sizdə nə qədər gözəl musiqilər var, lirika var, rəqslərinizdə zəngin elementlər var, geyimləriniz çox gözəldir, bəs niyə özünüzü gürcülərə, ləzgilərə bənzədirsiniz? Təsəvvür edirsinizmi, xaricdən gələnlər Azərbaycan rəqsinə heyran olur, özümüz isə biganəyik, rəqsi yanlış istiqamətə aparırıq. Hazırda rəqs üçün musiqi yazan yoxdur. 
Bilirsiz necədir, rəqs yazan bəstəkarlar məktəbi yaranmalıdır. Bir növ bəstəkarlığın bu sahəsində ixtisaslaşma getməlidir. Rəqs musiqisi digər janrlardan tamamilə fərqlənir. Bizim yüzlərlə möhtəşəm rəqslərimiz var ki, rəqqas onu ifa edəndə tamaşaçı Azərbaycanın hansısa mədəniyyət hadisəsini, gələcəyə işıq salan hansısa adətini, tarixini məişətini, film kimi görür. Azərbaycançılıq ideologiyasının şaxələnməsi və şüurlarda əbədi oturuşması işində rəqsin rolu böyükdür. O zaman baletmestr quruluş verəndə bəstəkarları dəvət edirdi, nazirliyə müraciət edirdilər, lazım gəlirdisə komissiya yaranırdı. Məsələn, rəqsə quruluş verəcək şəxslərdən kimsə Cahangir Cahangirovla, digəri Tofiq Quliyevlə, başqası Telman Hacıyevlə işləmək istəyirdi. Bəstəkar gəlib məşqə baxırdı, baletmestr deyirdi ki, suita rəqsi qurmaq istəyirəm, lirik yeri, orta yeri, tez ifa olunun yeri olsun, üç hissəli yazılsın… Bu kimi detallar rəqsin canlı orqanizm kimi tam formada olmasına rəvac verir. Bəstəkar əsərin ilkin variantını təqdim edəndən sonra royalda çalırdı, rəqsi hazırlayan müəllif dinləyirdi, qane edirdisə, razılşırdı, nəsə əlavələrə ehtiyac varıydısa  təkliflərini verirdi. Kollektiv əməyin nəticəsində keyfiyyətli iş alınırdı. 

Xalq artisti Cəmilə Bayramova:  “Milliliyimizi o yeniliyə qurban verə bilmərik”

– Rəqslərimizlə bağlı vəziyyətin acınacaqlı olduğunu Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimiyə demişəm. Bildirmişəm ki, Rafiq Babayev və digər görkəmli bəstəkarlar nə yazmışdı işlədik, nə musiqilərimiz var idi onları canlandırdıq, hazırda yazan yoxdur. Hazırda müasir onun bəstəkar Eldar Mansurovun musiqləri geniş yayılır. Ancaq onun yazdıqlarında istəsə də, istəməsə də, rəqs də, hərəkətlər də müasirləşir, fonda sintezatorun səsi gəlir və rəqqas da məcburdur ki, məhz o səsin tonuna, ifaçının müasir qatqılarına uyğun oynasın, belədə rəqsin ənənəsinə zərbə dəyir, səhnədə oynanılan rəqsin hansı xalqa məxsus olduğu bilinmir, diringi ritmlər, qarışıq elementlər, heç bir elmi nəzəriyyəyə söykənməyən hərəkətlər, uzlaşmayan mimikalar… Belə olmaz axı. 
Qarmon ifaçısı Ənvər Sadıqova dəfələrlə demişəm ki, əvvəlki musiqiləri dinləyin, onun üzərində işləyərək bizə yenilik verin. Əlbəttə biz müasir yeniliyin tələblərindən kənarda dayanmağın mümkünsüzlüyünü də anlayırıq. Sadəcə milliliyimizi o yeniliyə qurban verə bilmərik. Musiqi olmasa, rəqs də yoxdur.  Biz indiki bəstəkarları da başa düşürük: dəblə uyğunlaşmaq, bugünün dinləyicisinin zövqünü oxşamaq, daha da populyarlaşmaq istəyirlər.

Xalq artisti: Roza Cəlilova: “Rəqs edəndə xoşbəxt olurdum”

-Köhnə rəqs musiqiləri yoxdur. İndki musiqilər hamısı təzədir. Təzə bəstə ilə oynayacağın rəqsdə nəyi necə göstərə bilərsən axı… Yeni dövrdə baş verənlərin hamısı keçicidir, bəzi hərəkətlərsə  adətə-ənənəyə, milliliyə ziddir. Əlbəttə yeni bəstəkarlar da Azərbaycan xalqının mayasından qidalanan rəqslər yaza bilərlər. Təəssüf ki, yazmırlar.  Burada çox amil var – madiyyat, istedad, həvəs, bacarıq, tarixə sevgi. Gərək bir bəstəkarda bu xarakterlərin hamısı cəmləşsin ki, yazdığ rəqs də tamaşaçıya geniş informasiya, bilgi versin, təmisl olunduğu xalqın möhtəşəmliyindən xəbər tutsun. Mən baleti milli rəqsə görə atdım. Halbuki sayılıb-seçilən balet ustasıydım. Milli musiqimiz məni özünə cəzb etdi. Ana laylasını eşidəndə, onun musiqisi məni valeh edirdi, əlbəttə ki, o cür rəqsləri oynayanda görün necə xoşbəxt olurdum. Birinci vətənini dəlicəsinə sevəcəksən, sonra yaradacaqsan. Lirik əsərlər azalıb. Cahangir Cahagirovun İslam Səfərlinin sözlərinə yazdığı mahnını dinləyəndə, o musiqinin sədaları altında rəqs edəndə, rəqqas da, tamaşaçı da möcüzəli aləmə düşür: Mahnının adı “Zərif gülüşlümdür”. Görün nə gözəl sözlərdir: 

Söylə ey sevgilim, sən tək yar hanı…
Zülfünə tel düzüb, çaldın kamanı
Ülkər baxışına, xoş yerişinə
Zərif gülüşünə verrəm dünyanı
Mahnıdır yelkənim əzəldən mənim
Gəl sevək vətəni, Azərbaycanı

Buyurun. Təsəvvür edin ki, rəqqasə bu mahnının sədaları altında süzür, bütün hərəkətləri ilə iki sevgilinin öz vətəninə heyranlığını rəqs elementləri ilə göstərir. İndi belə kompazisiya hardadır… Eh… Sintezator və toy qazanı boyda dəf. Dəf çalan da onu döyəcləyir. Dəfi çırtma ilə çalarlar, sintezator bütün musiqi alətlərini çox pinti səviyyədə yamsılamaq üçündür. Belə olmaz axı. Bu “alət”də hətta guya tar səsi çıxarırlar. Adam deməyə söz tapmır. Azərbaycanlı xanım incə yerişi, daha doğrusu süzməyi, əllərinin zərif hərəkəti, mimikasının dili ilə rəqsində mənzərə yaradır. Bu mənzərəni niyə korlayırlar axı? Ürəyimiz dərdlidir. Yaşatmaq, qorumaq lazımdır. Əziyyətlidir, lakin şərəflidir. 

Ceyhun Musaoğlu