22 Dekabr 2024

Azərbaycan QHT-ləri Metsamorla əlaqədar Nüvə Enerjisi Sammitinin rəhbərliyinə çağırış edib

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri bu gün Brüsseldə işə başlayan Nüvə Enerjisi Sammitinin həmsədrləri – Belçikanın Baş naziri Aleksandr De Krooya və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossiyə açıq məktub göndəriblər.

Məktubda Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri, elm xadimləri Nüvə Enerjisi Sammitinin rəhbərliyini Ermənistanın qəza vəziyyətində olan, istismar müddəti çoxdan başa çatmış Metsamor Atom Elektrik Stansiyasının törətdiyi qlobal təhlükəyə diqqət yetirməyə, bu stansiyanın fəaliyyətinin dərhal dayandırılması barədə Ermənistan hökuməti qarşısında məsələ qaldırmağa çağırıblar.

“Köhnə texnologiya ilə işləyən, 9.5 ballıq seysmik zonada 1976-cı ildə inşa edilmiş, cəmi 8 bala hesablanmış Metsamor Atom Elektrik Stansiyası Azərbaycan, Türkiyə, Ermənistan və bütün region üçün böyük nüvə təhlükəsi yaradır. Ermənistan hakimiyyətinin bu AES ilə əlaqədar məsuliyyətsiz davranışları, dünya ictimaiyyətini aldatmağa hesablanan yalan hesabatları bölgəni növbəti Çernobıl və Fukusima qəzalarına doğru aparır. Hər keçən gün bu risk daha da böyüyür. Metsamor Atom Elektrik Stansiyasını istismardan çıxarmaq, beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və prosedurlara əməl etmək əvəzinə, Ermənistan hakimiyyəti hər dəfə onun ömrünü süni şəkildə uzatmağa çalışır. Metsamor Atom Elektrik Stansiyasının maye tullantıları son nəticədə transsərhəd çayı olan Araz çayına axıdılır. Bu stansiya su qıtlığı olan ərazidə yerləşir, köhnələn reaktorunu soyutmaq üçün su dərinlikdəki quyulardan götürülür. Zəlzələlər zamanı yeraltı suların səviyyəsinin və axınların istiqamətinin dəyişməsi mümkündür, bu isə soyutma sisteminin etibarsızlığını aydın nümayiş etdirir”, – məktubda qeyd edilib.

QHT nümayəndələri bildiriblər ki, Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılması da böyük narahatlıq doğurur: “Ermənistan ərazisində 200-dən artıq radioaktiv mənbələr mövcuddur. Bu mənbələr sırasına müxtəlif növ izotoplar daxildir. Ermənistanda radioaktiv izotoplarla əlaqədar qaçaqmalçılıq faktları da mövcuddur. Bu, radionuklidlərin terror məqsədilə istifadə edilməsi ehtimalını artırır. Metsamor Atom Elektrik Stansiyasının tullantılarının yerləşdirildiyi poliqonların artıq dolduğu və yeni nüvə tullantıları poliqonunun yaradılması göstərir ki, bu tullantıların yerləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur”.

Vətəndaş cəmiyyəti təmsilçiləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi və digər aidiyyəti beynəlxalq qurumları bu sahədə əsas təsirlənən ölkə kimi Azərbaycanla sıx əməkdaşlığa da çağırıblar:

“Öz xalqının və region dövlətlərində yaşayan xalqların nüvə təhlükəsizliliyini nəzərə almayan Ermənistan hakimiyyəti yalnız birgə qlobal səylərlə Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmağa məcbur edilə bilər. COP28-dən irəli gələn məqsədlərə çatmağı əsas istiqaməti kimi müəyyən edən Nüvə Enerjisi Sammiti bu baxımdan əlverişli platforma kimi çıxış edir. COP29-a ev sahibi edəcək Azərbaycan ictimaiyyətinin də gözləntisi budur”.

Açıq məktubu aşağıdakı Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri imzalayıblar:

Fəqan Əliyev – Beynəlxalq Ekoenergetika Akademiyası

İslam Mustafayev – “Rüzgar” Ekoloji İctimai Birliyi

Sabit Bağırov – Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

Həsənov Mirhəsən – “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyi

Eyvaz Əsgərov – “Naxçıvan Muxtar Respublikası Çernobıl Əlilləri” İctimai Birliyi

Firuzə Sultanzadə – “EkoSfera” Sosial Ekoloji Mərkəzi

Gülşən Axundova – “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyi

Pərvanə Vəliyeva – “Sağlamlığa Xidmət” İctimai Birliyi

Müslüm Qurbanov – “Ecoil” Elmi Ekoloji İctimai Birliyi

Rövşən Abbasov – “Sağlam Həyata Doğru” Ekoloji İctimai Birliyi

Zurab İsrafilov – “Azərbaycan Təbiəti Mühafizəsi Cəmiyyəti” İctimai Birliyi

Məryəm Məcidova – Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” İctimai Birliyi

Zaur İbrahimli – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi

Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondu

İsrayıl İsgəndərov – “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi

Ramil İsgəndərli – Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi

Günel Səfərova – “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri

Xalid Kazımov – Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi

Əhməd Abbasbəyli – “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyi

Elçin Muxtarlı – “Sağlamlığa Xidmət” İctimai birliyi

Amin Məmmədov – “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi

Elman Cəfərli – “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi

Qorxmaz İbrahimli – Biosfer İctimai Birliyi

Qəmzə Yusubova – Ekoloji Maarifçilik və Monitorinq ictimai birliyi

Rahilə Mehtiyeva – “Sosial – İqtisadi və Ekoloji İnkişaf” ictimai birliyi

İradə Həsənova- “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi

Tükəzban Ağababayeva – Eko Hab Ekoloji Təşəbbüslərə Dəstək

Sevil İsayeva – Ekoleks Ekoloji Hüquqi Mərkəzi İctimai Birliyi

Rüstəm Məlikov – “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi

Əzizağa Hünbətəliyev – Mühit Ekoloji Mühafizə İctimai Birliyi

Yazgül Abdıyeva – “Sağlamlığın Qorunması” ictimai birliyi

Əyyub Kərimli – İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi

Təvəkkül İsgəndərov – “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi

Cəsarət Hüseynzadə – “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi.