23 Dekabr 2024

Azərbaycan qazına ehtiyac artmaqdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “CaspianOil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “CaspianPower” sərgilərinin açılışında iştirak edib.Bu il müstəqil Azərbaycanın banisi Heydər Əliyevin anadan olmasının yüz illiyinin qeyd edildiyini vurğulayan dövlətimizin başçısı deyib: “1994-cü il yalnız birinci Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi ili deyil, həmçinin “Əsrin müqaviləsi”nin imzalanması ili olmuşdur. “Əsrin müqaviləsi” ölkəmizdəki vəziyyəti tamamilə dəyişdi, investisiyaların cəlb edilməsinə imkan yaratdı, iqtisadi sabitliyi və Azərbaycanın firavan gələcəyini təmin etdi. 1994-cü ildə birinci Qarabağ müharibəsi başa çatmış, “Əsrin müqaviləsi”nin imzalanmasından cəmi 3 ay sonra atəşkəs sazişi imzalanmışdı”.Otuz ilə yaxındır energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini, indi isə yalnız energetika sahəsi ilə kifayətlənməyib, əməkdaşlığın şaxələndirildiyini qeyd edən Azərbaycan Prezidenti bildirib: “ABŞ və Böyük Britaniya hökumətləri Azərbaycanın Xəzər dənizindəki resurslarının işlənməsi ilə bağlı irəli sürdüyü bütün təşəbbüsləri həmişə dəstəkləyib. Onlar bugünkü neft və qaz boru kəmərləri sayəsində Avrasiyanın enerji xəritəsini faktiki olaraq dəyişdirmiş enerji nəqliyyatı infrastrukturumuzun qurulmasında köməklərini əsirgəməyiblər”. Prezident İlham Əliyev Azərbaycanın ABŞ və Böyük Britaniyanın da dəstəyi ilə həyata keçirdiyi enerji infrastrukturu layihələrinin Avrasiyanın enerji xəritəsini dəyişdiyini qeyd edib.

Dövlət başçısı əlavə edib ki, enerji təhlükəsizliyi artıq ölkələr üçün milli təhlükəsizlik məsələsidir.Prezident İlham Əliyev vurğulayıb ki, biz özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın, əslində lider, aparıcı ölkə olsun: “Mən çox şadam ki, yenilənən enerji ilə bağlı şirkətlər bu gün burada olduqca böyük çoxluq təşkil edir. Əminəm ki, illər keçdikcə bu şirkətlərin sayı artacaq. Yəni, biz tərəfdaşlarımızla birlikdə neft kəmərləri inşa etdik, neft yataqlarına sərmayə qoyduq, daha sonra qaz infrastrukturu inşa etdik. Cənub Qaz Dəhlizi bizim birgə tarixi nailiyyətimizdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır”

“Bizim təchizatın coğrafiyası, əminəm ki, genişlənməkdə davam edəcək. Çünki Azərbaycan qazına ehtiyac artmaqdadır. Son il yarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq. Əlbəttə, biz bütün dostlarımızın ehtiyaclarını ödəməyə çalışırıq. Sərmayələri də əlaqələndirməliyik ki, bazar imkanları nəzərə alınsın” – deyə dövlətimizin başçısı qeyd edib.

Bu işdə beynəlxalq maliyyə institutlarının dəstəyinə ehtiyac olduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: “Bilirik ki, bu gün “yaşıl enerjiyə” gəldikdə, bəzi beynəlxalq maliyyə institutları neft-qaz sahəsini maliyyələşdirməyi dayandırıb. Amma mən hesab edirəm ki, biz bir balaca realist olmalıyıq. Çünki qaz və neft təchizatı olmadan enerji təhlükəsizliyi tam olaraq təmin edilə bilməz”.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi