Azərbaycan – Qazaxıstan: strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri
Azərbaycan–Qazaxıstan əlaqələrinin təməlində qarşılıqlı etimad və dövlət başçıları səviyyəsində formalaşan səmimi münasibətlər dayanır. Prezident cənab İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə iki ölkə arasında əlaqələr ardıcıl şəkildə genişlənib. Son üç ildə dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyi, mütəmadi təmaslar və strateji məsələlərin müzakirəsi bu münasibətlərin səmərəsini açıq şəkildə göstərir.
Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibə təkcə iki ölkə arasında siyasi münasibətlərin konturlarını deyil, həm də Türk dünyasının gələcək inteqrasiya xəritəsini cızan strateji sənəd kimi dəyərləndirilə bilər. Bu müsahibə həm regional siyasətin, həm iqtisadi əməkdaşlığın, həm də mənəvi birliyin dərin fəlsəfi mənzərəsini təqdim edir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan ilə Qazaxıstanı birləşdirən tellər sadəcə diplomatik münasibətlərdən ibarət deyil — bu bağlar ortaq tarix, mədəniyyət, dil, türk kimliyi və qardaşlıq duyğularının üzərində qurulub. İlham Əliyevin sözləri ilə desək, bu əlaqələr “qarşılıqlı etimada, mənəvi yaxınlığa və sarsılmaz dostluğa əsaslanan model”dir. Son illərdə Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər təkcə siyasi səviyyədə deyil, iqtisadi, mədəni və humanitar müstəvilərdə də misilsiz dərinlik qazanıb.
Prezidentin müsahibəsində diqqəti cəlb edən əsas məqam – Azərbaycan və Qazaxıstan rəhbərləri arasında formalaşmış davamlı dialoq və qarşılıqlı etimad mühitidir. İlham Əliyev qeyd edir ki, son üç ildə onun Qazaxıstana bu, yeddinci səfəridir, eyni zamanda Prezident Kasım-Jomart Tokayev də altı dəfə Azərbaycana səfər edib. Bu intensiv əlaqələr göstərir ki, iki ölkə arasında əməkdaşlıq artıq rəsmi diplomatiyanın çərçivəsini aşaraq səmimi, qarşılıqlı anlaşmaya söykənən qardaşlıq səviyyəsinə yüksəlib. İqtisadi aspektdən baxdıqda, müsahibə konkret faktlarla zəngindir. 2025-ci ilin ilk səkkiz ayında iki ölkə arasında ticarət dövriyyəsi 547 milyon dollara çataraq, ötən ilin göstəricisini üç dəfə geridə qoyub. Bu dinamika, şübhəsiz, “Orta Dəhliz” adlanan nəhəng nəqliyyat layihəsinin uğurla reallaşması və Xəzər üzərindən yeni logistika marşrutlarının formalaşması ilə bağlıdır. İlham Əliyevin sözlərində iqtisadi əməkdaşlıq yalnız rəqəmlər deyil, strateji məqsədlərin ifadəsidir — bu, regionun vahid bazara çevrilməsi, Avropa ilə Asiya arasında yeni enerji və ticarət arteriyasının qurulması deməkdir.
Azərbaycan və Qazaxıstan arasında münasibətlər bu gün regionda strateji sabitliyin, iqtisadi inteqrasiyanın və türk birliyinin möhkəmlənməsinin mühüm dayağına çevrilib. Prezident cənab İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə göstərir ki, iki qardaş ölkənin əməkdaşlığı yalnız regional çərçivəni aşaraq, beynəlxalq miqyasda nümunəvi model kimi dəyərləndirilə bilər. Ölkəmizin Mərkəzi və Orta Asiyanın türkdilli dövlətləri arasındakı münasibətləri yüksələn xətlə inkişaf etməsinə Azərbaycanın Qazaxıstanla olan əlaqələri də öz töhfəsini verir. Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə uğurla inkişafı, iki ölkə arasında imzalanan sənədlər strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin daha da mökəmlənməsinə, ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı
