Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu

Sentyabrın 19–20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. 2020-ci ilin sentyabr ayının 27-də başlanan Vətən müharibəsinin böyük Zəfərlə başa çatması nəticəsində Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına son qoyuldu. Azərbaycan xalqının, dövlətinin və ordusunun dəmir yumruğa çevrilmiş birliyi nəticəsində Ermənistanın işğalçı ordusu məhv edildi. Düşmənin canlı qüvvəsinə və texniki təchizatına ağır zərbə vuruldu, işğalçıya və onun himayədarlarına layiq olduqları yer göstərildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davan edən Vətən müharibəsinin gedişində Azərbaycan Respublikasının Silahlı Qüvvələri işğal altında olan 300-ə yaxın məntəqəni azad etdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi işğal altında qalmış Ağdam, Kəlbəcər və Laçın rayonlarını isə hərbi əməliyyatlar aparılmadan azad etməyi öz öhdəsinə götürməli oldu. Amma Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan qarşısında öz üzərinə götürdüyü öhdəlik yalnız bundan ibarət deyildi. Üçtərəfli Bəyanata əsasən, Ermənistan tərəfinin icra etməli olduğu öhdəliklərdən biri də keçmiş Dağlıq Qarabağ ərazisində qalmış erməni hərbi qüvvələrinin tərksilah və ləğv edilməsi idi.
Azərbaycan Ordusu bölmələrinin bu təxribata cavab olaraq keçirdikləri “Qisas” əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin strateji əhəmiyyət kəsb edən Sarıbaba yüksəkliyi və bir sıra digər hakim yüksəkliklər nəzarət altına alındı. Prezident İlham Əliyev Fərrux dağı və Qırxqız–Sarıbaba yüksəklikləri ətrafında aparılmış döyüşlərin əməliyyat-taktiki əhəmiyyətini yüksək qiymətləndirib: “Fərrux əməliyyatı, Sarıbaba–Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır. Eyni zamanda, Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız”. Baş verənlərdən nəticə çıxarmayan erməni hərbi qüvvələri 2022-ci il sentyabr ayının 12-də daha geniş hərbi təxribata əl atmaqla Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqları və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutdular. Nəticədə Azərbaycan bölmələrinin şəxsi heyəti arasında itkilər baş verdi, hərbi infrastruktura ziyan dəydi. Azərbaycan tərəfi bu təxribatı cavabsız buraxmadı. Həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində 2022-ci il sentyabr ayının 12–14-də Azərbaycan–Ermənistan sərhəd xəttində baş verən erməni hərbi təxribatlarının qarşısı uğurla alındı. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbayca–Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan–Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq”. Azərbaycanın dövlət rəhbərliyi kimi, Azərbaycan xalqı da ermənilərin bu oyunlarına qarşı öz etiraz səsini qaldırdı, Ermənistandan Qarabağ ərazisində yerləşən erməni hərbi qüvvələrinə silah və sursat gətirilməsinə və Qarabağdakı təbii sərvətlərin talanaraq Ermənistana daşınmasına etiraz əlaməti olaraq 2022-ci il dekabrın 12-də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri, ekologiya fəalları və gənc könüllüləri Şuşa–Laçın yolunda etiraz aksiyasına başladılar. Onlar mülki, tibbi, ictimai daşınmalar istisna olmaqla, digər daşınmaların nəzarət altına alınmasını tələb etdilər. Qanunsuz daşınmaların və keçidin qarşısının alınması üçün 2023-cü il aprel ayının 23-də isə Azərbaycanla Ermənistanı quru yolla birləşdirən Laçın yolu üzərində dövlət sərhəd-nəzarət postu qoyuldu. Bununla Azərbaycanın bütün sərhəd xətti respublikanın nəzarəti altına alındı və Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş oldu.
Sentyabr ayının 19-da isə saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Bu atəş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu yaralandı. Bütün bu baş verənlər göstərdi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı öz iddialarından əl çəkmədiyi kimi, qondarma qurumun qondarma rəhbərliyi də Qarabağın dağlıq hissəsində yaşayan erməni sakinlərin Azərbaycana inteqrasiya edilməsi təkliflərini qəbul etmək istəmir.
Vətən müharibəsindən sonra bölgədə cərəyan edən təhlükəli revanşizm Azərbaycanın öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və dövlət rəhbərinin əmri ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində lokal xarakterli antiterror əməliyyatının (tədbirinin) keçirilməsi qaçılmaz zərurət oldu. Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi zəruriliyi bölgədə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə yol açdı. Bu antiterror əməliyyatı 2023-cü il sentyabr ayının 19-da, təxminən saat 13:00-da başladı. Bununla bağlı məlumat yayan Müdafiə Nazirliyi bildirdi ki, həyata keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. O da vurğulanırdı ki, Azərbaycan Ordusu tərəfindən bu əməliyyatın gedişində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Şanlı antiterror əməliyyatı xüsusi olaraq planlaşdırılmış bir əməliyyat idi. Məqsəd də mülki əhaliyə və infrastruktura ziyan yetirmədən qarşıya qoyulan hədəflərə nail olmaq idi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də bu antiterror əməliyyatının mülki əhaliyə ziyan vurmadan aparılmasını zəruri sayırdı: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır”.
Əldə edilən məlumatlar da göstərirdi ki, erməni hərbi qüvvələri, hətta Vətən müharibəsindən sonra Qarabağın dağlıq hissəsində hərbi imkanlarını xeyli artırmışdılar. Bəlli idi ki, antiterror əməliyyatının başlanması ərəfəsində erməni hərbi qüvvələrinin 300-ə yaxın artilleriya və 50-dən artıq minaatan mövqeləri var idi. Bunlardan başqa erməni hərbi qüvvələrinin ixtiyarında ondan artıq yer-hava raket sistemi, 6 radiolokasiya stansiyası, 20-dən artıq radioelektron mübarizə vasitəsi və təxminən 30 mobil operator baza stansiyası var idi. Ali Baş Komandan İlham Əliyev müəyyənləşdirdiyi döyüş tapşırıqlarının düzgün və vaxtında icra edilməsi üçün dərhal zəruri olan tədbirlərin icrasına başlandı. Bu məqsədlə əvvəldən aparılmış olan kəşfiyyatın nəticələri, düşmənin ehtimal olunan mina sahələrindən keçidlərin açılma yerləri, hərəkət istiqamətində düşmənin istifadə etdiyi yollar və onlara birləşmə yerləri döyüş tapşırıqlarına uyğun olaraq yenidən qiymətləndirildi. Antiterror əməliyyatının başlamasından saat yarım sonra əməliyyatın gedişi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ilk məlumatı açıqlandı. Bildirildi ki, yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır. Yaşayış məntəqələri yaxınlığında erməni atəş vasitələrinin yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmasına və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək verməməsinə çağırış edildi.
Antiterror əməliyyatının xüsusiyyəti nəzərə alınmaqla döyüşlərin və idarəetmənin təşkilində, qoşun növləri və bölmələr arasında qarşılıqlı əlaqələrin yaradılmasında, raket-artilleriya və hərbi-hava qüvvələrinin tətbiqində Vətən müharibəsinin təcrübəsi yaradıcı şəkildə nəzərə alınması əldə edilən nəticələrin miqyasına da öz təsirini göstərdi. Belə ki, kütləvi atəş zərbələri vaxtında plana uyğun olaraq yerinə yetirildi, ardınca sistematik atəş təsirləri mütəmadi olaraq həyata keçirildi, döyüş əməliyyatı bölgəsində olan bütün hərbi obyektlər, döyüş postları, komanda müşahidə məntəqələri dəqiq raket və artilleriya zərbələrinə tutuldu, yaşayış məntəqələrinə, mülkü şəxslərə və obyektlərə zərər vurmamaq üçün yüksək dəqiqlikli raket zərbələrinə geniş yer verildi, düşmənin kritik döyüş mövqelərinə raket və artilleriya zərbələri endirməklə Azərbaycan bölmələrinin itkilərinin minimuma endirilməsi təmin edildi. Eyni zamanda, antiterror əməliyyatının başlanması ilə Azərbaycanın Hərbi Hava Qüvvələri tərəfindən əməliyyat rayonu üzərində havada üstünlük, hava məkanının müdafiəsi, hərbi obyektlərin və qoşunların hava hücumlarından etibarlı qorunması təmin olundu. Bütün bunlar isə antiterror əməliyyatının uğurlu gedişini təmin etdi. Bölmələr və qüvvələr üçün isə döyüş tapşırıqları konkretləşdirildi, onlar üçün döyüş sektorları müəyyənləşdirildi. Sentyabrın 19-da aparılan əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan bölmələrinin nəzarətinə keçdi, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan artıq artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan artıq “Martira” radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirildi. Xeyli sayda erməni hərbi texnikası və canlı qüvvəsi məhv edildi. Sentyabr ayının 19-da gecə saatlarında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi antiterror əməliyyatının aparıldığı rayonda yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələrinə silahın yerə qoyulması ilə bağlı çağırış etdi. Bildirildi ki, bu halda antoterror əməliyyatı da dayandırılacaqdır. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi və Qarabağın dağlıq hissəsində yerləşən erməni hərbi qüvvələri bu çağırışı qəbul etmədilər və sentyabrın 20-də səhərdən döyüşlər yenə davam etdirildi. Bu zaman Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus minaatan mərmisi ilə dolu 6 ədəd Ural markalı hərbi avtomobil və 4 ədəd minaatan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirildi. Əsas döyüşlər isə Papravənd-Sərsəng, Qalayçılar–Heyvalı, Canyataq–Sırxa–vənd, Gülyataq–Mehmana, Abdal–Harov, Abdal–Yemişcan, Yuxarı Veysəlli–Qarakənd, Qacar–Sos, Qarabulaq–Xaçmas, Sıqnax–Dağdağan, Əliağalı–Kolataq, Abdal–Xocalı istiqamətlərində aparıldı. Bu döyüşlərin gedişində Ermənistan silahlı qüvvələrinin Qarabağın dağlıq hidssəsində yerləşən hərbi qüvvələrinə ağır zərbə vuruldu, onların döyüş potensialı məhv edildi. Sentyabrın 20-də günorta saatlarına qədər Ermənistan silahlı qüvvələri birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı qüvvələrimizin nəzarətinə keçirildi. Eyni zamanda, qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını və xeyli sayda silah-sursat Azərbaycan bölmələri tərəfindən qənimət olaraq götürüldü. Ermənistanın hərbi-siyasi rəhbərliyi də sentyabrın 20-də Qarabağın dağlıq ərazisində yerləşdirilmiş erməni hərbi qüvvələrinə ağır zərbə vurulmasını etiraf etmək məcburiyyətində qaldı. Bildirildi ki, bəzi istiqamətlərdə Azərbaycan hərbi qüvvələri “müdafiə ordusunun” döyüş mövqelərini ələ keçirərək bir sıra yüksəklikləri və strateji yol qovşaqlarını nəzarət altına ala bilmişdir. Erməni hərbi qüvvələri xeyli sayda itki vermişdir.
Günorta 13:00 radələrində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış olan xunta rejiminin rəhbərliyi Azərbaycanın şərtlərini qəbul etməyə və silahı yerə qoymağa hazır olduğunu bildirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu məsələyə münasibətini belə bildirdi: “Əməliyyatın uğurlu gedişatı, təbii ki, Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Bu gün səhər saatlarında artıq bizə bildirildi ki, bizim şərtlərimiz qəbul edilib”. Lokal antiterror əməliyyatının dayandırılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən ictimaiyyət üçün açıqlama verildi. Həmin açıqlamada deyilirdi: “Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirir ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur”.
Erməni tərəfi əvvəlcə antiterror əməliyyatının gedişində 100 nəfər, sonradan isə 200 nəfər canlı itkinin olduğunu bildirdi. Bu rəqəmlər ilkin rəqəmlər idi. Yaralıların sayı isə bu rəqəmlərdən yüksək idi. Antiterror əməliyyatının dayandırıldığı saatlardan erməni hərbi qüvvələrindən silahların təhvil alınmasına, erməni döyüş mövqelərinin ləğv edilməsinə, silah və sursat anbarlarının nəzarət altına götürülməsinə başlandı. Xeyli sayda silah və susat müsadirə edildi ki, onların da bir qismi 2021-ci ildə istehsal olunmuşdu. Yəni 2020-ci il noyabr ayının 10-da razılaşdırılmış üçtərəfli Bəyanatın şərtlərinin əksinə olaraq, Ermənistan rəhbərliyi Qarabağın dağlıq hissəsində olan erməni hərbi qüvvələrini silahlandırılmasını davam etdirmişdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun yeni bir tarixi uğuru ilə sona çatan lokal xarakterli antiterror əməliyyatının nəticələrini belə dəyərləndirdi: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir”. Beləliklə, dünya hərb tarixində Azərbaycan Ordusu daha bir bir nadir əməliyyat həyata keçirdi. Bir sutkadan da az davam edən bu əməliyyat nəticəsində bölgədəki mülki əhaliyə və obyektlərə ziyan vurulmadan erməni hərbi qüvvələri məhv edildi və Azərbaycanın bütün ərazilərində respublikanın suverenliyi təmin edildi.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı