09 Dekabr 2022

Azərbaycan parlamentindən Fransa Senatının qətnaməsinə KƏSKİN ETİRAZ

Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatı qəbul edib.

Musavat.com-un məlumatına görə, Səməd Seyidovun rəhbərliyi ilə yaradılmış komissiyanın hazırladığı bəyanatı Milli Məclisin deputatı Ramin Məmmədov təqdim edib.

Bəyanatda deyilir: “Azərbaycan Fransanı beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sərhədlərə hörmət etməyə çağırır. 30 il işğala göz yuman, səs verdiyi qətnamələri Ermənistandan tələb etməyən Fransa bu gün Ermənistanın ərazi bütövlüyünün pozulduğunu bildirir. Fransa Senatının bu kimi çıxışları Cənubi Qafqazda sülhə mane olmaq niyyəti daşıyır. Müstəmləkə illərində Fransanın törətdiyi soyqırımlar hər kəsə məlumdur, bu hadisələrdən hələ də əziyyət çəkən xalqlar var. Bu kimi hadisələr təbii ki, Fransanın siyasi tarixindən silinməyəcək. Əlcəzairdə bir milyondan çox insan Fransa tərəfindən qətlə yetirilib. Eyni zamanda hələ də mina xəritələrini Fransa Əlcazairə düzgün təqdim etməyib. Bu gün dünyada minadan əziyyət çəkən ölkələrdən biri də Əlcəzairdir. Fransanın rolunu hazırda Cənubi Qafqazda Ermənistan davam etdirir. Bu gün Ermənistan hələ də düzgün mina xəritələrini Azərbaycana təqdim etməyib. Qondarma dövlətdə əhalinin insan hüquqlarını tələb edən Fransanın hüquqdan danışmağa haqqı yoxdur. Fransada irqçi, müsəlmanlara qarşı fobiyanın olması hər kəsə məlumdur”.

Bəyanatda Fransa Senatının qərəzli və əsassız qətnaməsinə kəskin etiraz ifadə olunur, Azərbaycan hökumətinə Fransa ilə bağlı münasibətlərə və əlaqələrə yenidən baxılmasıyla bağlı təkliflər də əksini tapır.

Deputatlar bəyanata alqışları ilə dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, müzakirələrdə baş nazir Əli Əsədov və hökumət üzvləri də iştirak edib.

E.Paşasoy