27 Avqust 2025

Azərbaycan-Özbəkistan-Türkmənistan: çoxtərəfli əməkdaşlığın yeni perspektivləri

Biz bu yaxınlarda qardaşım Şavkat Miromonoviçi də eyni qardaşlıq hissləri ilə qəbul etmişik. Xankəndidə ECO Zirvə görüşündə bərabər idik. Xankəndidə olarkən Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabrikinin fəaliyyəti ilə tanış olduq. Hazırda orada iki yüzdən çox insan çalışır. Onların mütləq əksəriyyəti qadınlardır və bu fabrikin genişləndirilməsi nəticəsində orada işləyənlərin sayı bir neçə dəfə artacaq. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Birinci hədiyyəni isə biz Qarabağın dirçəldilməsi istiqamətində atılmış addımlar arasında yenə də Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin timsalında gördük. O məktəb bizim iştirakımızla açılmışdır və artıq orada yüzlərlə gənc qarabağlı oxuyur, hər dəfə o məktəbin yanından keçəndə həm qardaş özbək xalqına, həm də onun lideri Şavkat Miromonoviçə minnətdarlıq hisslərini ifadə edir.

Özbəkistanla sözdə yox, əməldə dostuq, qardaşıq. Bizim üçün ən vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub. Bu gün də bu belədir. Bu gün artıq burada səsləndi, bu, tarixi görüşdür, tarixi sammitdir, tarixi Zirvə görüşüdür. Bunun təşəbbüskarı qardaşım Qurbanqulu Məlikquliyeviçə bir daha təşəkkürümü bildirmək istəyirəm.

Müzakirə olunan məsələlər burada artıq qeyd olundu, onları təkrar etmək istəmirəm. Amma bir şeyi deyə bilərəm, artıq müvafiq dövlət qurumlarına göstərişlər verildi ki, üçtərəfli əməkdaşlıq formatı yaradılsın və bizim növbəti görüşümüzə konkret istiqamətlər üzrə təkliflər verilsin. Bütün göstərişlər verildi. Yenə də deyirəm, burada səslənmişdi – nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr. Qaldı ki, bütün bu göstərişlərin vaxtında yerinə yetirilməsinə, mənim buna da şübhəm yoxdur.

Həmkarlarımın fikrinə qoşularaq sözümün sonunda bir daha demək istəyirəm ki, bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Necə deyərlər, xeyirli, uğurlu olsun.

Tural İbrahimov
Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı