28 Avqust 2025

Azərbaycan-Özbəkistan münasibətləri bütün sahələrdə inkişafdadır

Azərbaycan-Özbəkistan arasında dərin tarixi köklərə malik dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan və özbək xalqları ortaq mədəniyyət, eyni dil ailəsinə mənsubiyyət, dini dəyərlər və milli ənənələrlə bir-birinə bağlıdır. Bu bağlar tarixlə, gen yaddaşı ilə möhkəmlənib.

İki ölkə arasında əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Daşkənddə, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Bu diplomatik platformada indiyədək 190-dan çox ikitərəfli sənəd imzalanaraq hüquqi bazanın təməli möhkəmləndirilib.

Bu gün iki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir. Bu münasibətlər yalnız dostluq səviyyəsində deyil, həm də hərtərəfli və strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Strateji münasibətlərin ideya əsasları böyük siyasi uzaqgörənliklə hələ sovet dövründə qoyulmuşdur. 1970-ci illərdə Azərbaycanın rəhbəri Heydər Əliyev və Özbəkistanın o zamankı rəhbəri Şərəf Rəşidov arasında şəxsi dostluq və qarşılıqlı hörmət əlaqələri bu gün də dərin hörmətlə yad edilir. Ulu Öndər Heydər Əliyev özbək xalqına daim xüsusi rəğbət bəsləmiş, bu münasibət sonradan yüksək səviyyəli dövlətlərarası əlaqələrdə davam etdirilmişdir.

Əlaqələrimizin bugünkü mənzərəsinə nəzər salsaq görərik ki, Ulu Öndərin təməlini qoyduğu münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bəhrəsini verir. 2022-ci ildə Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı Daşkəndin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin açılışı Özbəkistan xalqının Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün xalqımıza həqiqi qardaşlıq münasibətinin təzahürüdür.

İyulun 2-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkə arasındakı bağların daha da gücləndiyini bir daha təsdiq edir. Prezidentlərin təkbətək görüşü, həmçinin cənab İlham Əliyevin və cənab Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi, sənədlərin mübadiləsi münasibətləri daha da möhkəmləndirir.

Bir məqamı da diqqətə çatdıraq ki, hər iki ölkə başçısının iştirakı ilə Bakıda Özbəkistanın Azərbaycandakı səfirliyinin inzibati binasının açılış mərasimi də keçirilib. Müasir üslubda ərsəyə gətirilən bina qardaş ölkələr arasında əlaqələri daha da genişləndirəcək.
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirib ki, bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirilən plan və layihələrlə nümayiş etdiririk.

Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı