Azərbaycan-Özbəkistan əlaqələri yüksələn xətlə inkişaf edir.

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər müstəqillik illərindən bu günə qədər dinamik inkişaf etmiş, qarşılıqlı hörmət və etimada əsaslanan möhkəm tərəfdaşlığa çevrilmişdir. Hər iki ölkə ortaq tarixi köklərə, mədəni yaxınlığa və türk dünyasının dəyərlərinə söykənir.
1995-ci ildə diplomatik münasibətlərin qurulması əlaqələrin inkişafında mühüm mərhələ olmuşdur. Son illərdə bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin qarşılıqlı səfərləri, imzalanan strateji sənədlər və birgə layihələr tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiq edir.
İqtisadi sahədə əməkdaşlıq xüsusilə diqqətəlayiqdir. Energetika, kənd təsərrüfatı, sənaye və nəqliyyat-logistika sahələrində əlaqələr genişlənir. Orta Dəhliz çərçivəsində yükdaşımaların artırılması, Transxəzər marşrutunun inkişafı ölkələrimiz üçün yeni imkanlar yaradır. Azərbaycan liman infrastrukturu və Bakı-Tbilisi-Qars dəmir yolu Özbəkistanın Avropa bazarlarına çıxışını asanlaşdırır.
Özbəkistan Azərbaycan üçün sadəcə dost deyil, həm də prioritet investisiya tərəfdaşıdır. Özbəkistanla Azərbaycan birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib. Bu gün 10-dan çox layihənin artıq investisiya qərarlarının qəbulu mərhələsində olduğu barədə məruzə edilib. Fondun nizamnamə kapitalı 500 milyon dollardır.
Azərbaycan ilə Özbəkistan Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə layihələr həyata keçirir, regionun sabitliyinə və inkişafına töhfə verir. Hazırda münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və gələcəkdə də yüksələn xətlə inkişaf edəcək.
Elməddin Əsgərxanov .YAP Bərdə rayon təşkilatının sədr müavini.