22 Dekabr 2024

Azərbaycan öz suverenliyini bərpa etdi

Tarixi Zəfərimizin reallıqları fonunda regionda dayanıqlı sülhün yaradılmasında maraqlı olan ölkəmiz sülh müqaviləsinin imzalanmasında Ermənistanın da eyni şəkildə səylər göstərməsini tələb edir. Reallıq budur ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməməsi, Ermənistanın mütəmadi təxribatlara can atması Azərbaycanın lokal antiterror tədbirlərinə rəvac verdi. Belə ki, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdur. Azərbaycan Ordusu peşəkarlığı, yüksək döyüş ruhu, fəaliyyətini təkmil plan əsasında qurması fonunda lokal antiterror tədbirlərini uğurla başa çatdırdı. Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq.

Dövlət başçısı İlham Əliyevin xalqa hər bir müraciəti qürurverici məqamlarla zəngindir. Ölkə Prezidenti sentyabrın 20-də xalqa müraciətində Azərbaycanın rəşadətli Ordusunun növbəti dəfə missiyasını şərəflə yerinə yetirdiyini, bir gün davam edən lokal antiterror tədbirlərinin uğurlu nəticələrinin sülh müqaviləsinin imzalanlanmasında bütün maneələri aradan qaldıracağına əminliyini diqqətə çatdırdı.

Həmin müraciətində lokal antiterror tədbirlərinin uğurlu nəticələrini diqqətə çatdıran ölkə Prezidenti onu da vurğuladı ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır: “Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur.” Azərbaycan ölkəmizin Qarabağ bölgəsinin yerli erməni sakinlərinə onların hüquq və azadlıqlarının Azərbaycanın Konstitusiyası və müvafiq beynəlxalq insan hüquqları mexanizmləri, o cümlədən milli azlıqlara mənsub şəxslər üçün nəzərdə tutulan mexanizmlərə uyğun şəkildə təmin edilməsinə dair zəmanət verilməsi istiqamətində qətiyyətli olduğunu bir daha təsdiqləyir.

Azərbaycanın bugünkü reallıqları, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri onu təsdiqləyir ki, bütün çətinliklərə, işğala, 1 milyon qaçqın və məcburi köçkünün olmasına baxmayaraq ötən illər ərzində bu günümüz üçün möhkəm təməl yaradılıb. İndi 30 il işğal altında qalan torpaqlarımız azaddır. Bərpa-quruculuq işləri sıfırdan ölkəmizin daxili imkanları hesabına həyata keçirilir. Bu işlər, eyni zamanda, soydaşlarımızın doğma yurd-yuvalarına mərhələli şəkildə köçürülməsi ilə müşahidə edilir. Tezliklə bu prosesin də uğurla başa çatacağının şahidi olacağıq. Bu torpaqların həyatında yeni dövr başlayacaq.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini