25 İyun 2025

Azərbaycan öz milli maraqlarını müdafiə edən və güclü siyasi liderə malik dövlətdir

Azərbaycan Çin Xalq Respublikası ilə əlaqələrə böyük önəm verir. Ötən dövr ərzində bu əlaqələr yüksələn xətlə inkişaf edib. Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi Çinin “böyük dostu” adlandırıb.

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək qiymətləndirib. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verən ilk ölkələrdən biri olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Bütövlükdə, Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətdir, eləcə də Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir.

Prezident İlham Əliyev dünya güclərinin ikili standartlara əsaslanan siyasətlərinin problemin həllinə nə kimi təsir göstərdiyini də xüsusi vurğuladı. Reallıq budur ki, ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni silahlı birləşmələrinin ərazilərimizi qeyd-şərtsiz tərk etmələrinin vacibliyi, ən əsası Qarabağın Azərbaycan ərazisi olduğu öz əksini tapdığı halda Ermənistana qətnamələrin icrasına məhəl qomadığına görə heç bir sanksiya tətbiq olunmadı, əksinə bəzi dünya gücləri, daha dəqiq desək, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və hazırda tarixin arxivinə atılan ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçını adı ilə cağırmağın müikünsüzlüyünü bildirərək açıq-aşkar birtərəfli mövqe nümayiş etdirdiklərini təsdiqlədilər.

Azərbaycan 30 ilə yaxın dövrdə dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərlə üz-üzə qaldı. Lakin belə yanaşmalar ölkəmizi, xalqımızı ruhdan salmadı. Daim bu əminlik var idi ki, ədalət gec-tez zəfər çalacaq. Ölkəmizin ərazi bütövlüyünün bərpası yalnız hərbi-siyasi Qələbə deyil, həm də xalqın milli mənliyi və azadlıq ideallarının təsdiqi idi. Bu prosesdə Azərbaycan həm də beynəlxalq hüququn prinsiplərini müdafiə edərək, dünyaya ədalətli bir həll yolunun mümkün olduğunu göstərdi. Lakin beynəlxalq təşkilatların qətnamələrinə əməl olunmaması Azərbaycanın öz qüvvəsi ilə həll yolu tapmasını zəruri etdi. Bu, dünyada beynəlxalq hüququn tətbiqi və təşkilatların effektivliyi ilə bağlı ciddi suallar doğurur.

Dövlət başçısı İlham Əliyev müsahibəsində “Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar” söyləyərək diqqəti ölkəmizə qarşı ədalətsiz münasibətin mövcudluğuna yönəltdi. Çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin sadəcə, kağız üzərində qaldığını xüsusi vurğuladı. Bir daha qeyd etdi ki, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın bütün məsələlərdə həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var. Bu ilin 20-24 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçirilən 55-ci Dünya İqtisadi Forumu mühüm məqamlarla yadda qaldı.

Dövlətimizin başçısı İlham Əliyev Forum çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında bir sıra ikitərəfli görüşlər keçirdi. Bu görüşlərdə günün aktual məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Forumun ilk günündə Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verdi. Fevralın 11-də televiziya kanalında yayımlanan müsahibə Azərbaycanın daxili və xarici siyasət uğurlarının fonunda hazırda çoxqütblü dünyada ölkəmizin yerinə və roluna işıq saldı.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı