Azərbaycan öz haqlarını öz biləyinin gücünə əldə edir
Azərbaycan azad, müstəqil dövlət olaraq öz ərazisində istənilən tədbiri özünün verdiyi qərar əsasında həyata keçirmək haqqına malikdir. Fransanın Qarabağdakı erməni separatçılarının vəziyyəti ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırması da heç bir işə yaramayacaq. Necə ki, avqustun 16-da belə bir nəticəsiz iclas keçirilmişdir. BMT Baş Assambleyasının yığıncağında da Azərbaycanın ədalətli mövqeyini birlik ölkələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizlə bağlı çıxışını alqışlarla cavablandırmışdılar. Lokal antiterror əməliyyat tədbirlərinin aparılması da onu təsdiq etdi ki, ölkəmizdə hər hansı separatçı, cinayətkar ünsürlərə yer ola bilməz. Başlarını qaldıranlar dəmir yumruqla ciddi şəkildə cəzalanacaqlar. Ermənipərəst dairələr və Ermənistana hərbi, siyasi dəstək göstərən Fransanın lokal xarakterli antiterror əməliyyat tədbirlərinə müxtəlif formada don geyindirib, hay-küy qaldırmaları sabun köpüyündən başqa bir şey deyil.
Azərbaycan Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxışlarında qeyd etmişdir ki, ölkəmiz öz ərazilərində hansısa separatçı birləşmələrin mövcudluğuna dözməyəcək: “Prezident İlham Əliyevin bu il mayın 28-də Laçın rayonu sakinləri ilə görüşdə bildirdiyi kimi: “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi.
Azərbaycan dövləti aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə böyük uğurlar əldə edib. İqtisadi nailiyyətlər hərbi qüdrətimizin artmasına geniş imkanlar yaradıb. Məhz ordu quruculuğunun ən yüksək formada həyata keçirilməsi, hərbi birləşmələrin müasir silahlarla təmin olunması 44 günlük Vətən Müharibəsində erməni terrorçu dəstələrinin məhv edilərək, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Ermənistanın imzaladığı təslimçilik aktı Qarabağda 23 saat 47 dəqiqə davam edən və separatçıların ağ bayraq qaldırması ilə yekunlaşdı. Dövlətimiz separatçılığı tamamilə ləğv etdi. Artıq separatçılar Azərbaycanın bütün şərtlərini qəbul ediblər. Yevlaxda baş tutan müzakirələrin ab-havası da bunu deməyə əsas verir.
Tağı İmamverdiyev YAP Ağstafa rayon təşkilatının məsləhətçisi