Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirib ki, ölkəmizdə növbəti komando hərbi hissəsinin açılması çox əlamətdar hadisədir.
Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur.
Dövlətimizin başçısı çıxışında bildirib ki, İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır.
Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesinin uğurla davam etdiyini qeyd edən Prezident İlham Əliyev bildirib ki, hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir. Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılmışdır.
Azərbaycan Ordusunun yüksək mənəvi xüsusiyyətlərə malik olduğunu vurğulayan cənab Prezident bildirib ki, Azərbaycan düşməndən qisasını döyüş meydanında alıb. Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmamışdır, bunu hər kəs bilir və görür.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi