20 İyul 2024

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.

1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdür. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk  hökumət öz ordusunu yaratdı. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

AXC süqut etdikdən sonra milli ordu ləğv olundu.

Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur.  Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə qüdrətli ordu yaratmağa imkan verdi.

Tarixi  ənənəyə uyğun  ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd edilir.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünün ənyüksək səviyyəsindədir. Qüdrətli ordumuz sayəsində işğal olunmuş ərazilərimiz düşməndən azad edildi və ölkəmizin ərazi bütövlüyü bərba olundu.Güclü ordumuz sayəsində Silahlı Qüvvələr Gününü Müzəffər Ali Baş Komandanın Qalib  Ordusu , Qəhrəman xalq kimi qeyd edirik!

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı