Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir
Cənab Prezident İlham Əliyevin Şuşada “Euronews” televiziyasına verdiyi müsahibəni dinlərkən hər bir azərbaycanlı sözün əsil mənasında qürur hissi yaşayır. Mən dünən CBC kanalına verdiyim müsahibəmdə də bunu qeyd etdim və indi bir daha təkrar edirəm. Möhtərəm Prezidentimizin müxbirin suallarına verdiyi ətraflı, əsaslandırılmış, birmənalı və qəti cavabları eşidərkən fərəhlənməmək sadəcə mümkün deyil. Mən siyasətlə məşğul olan bir insan kimi, öz işimdən irəli gələrək indiyədək bir çox dövlət başçılarının, ölkə rəhbərlərinin çıxışlarını eşitmişəm, müsahibələrini dinləmişəm. İnanın ki, hər dəfə onları dinlədikcə mənim cənab Prezident İlham Əliyevin intellektinə, dünyagörüşünə, uzaqgörənliyinə və əlbəttə ki, humanistliyinə heyranlığım daha da artır.
Elə dövlət başçımızın “Euronews”a müsahibəsi də sülhsevər, insansevər müsahibə idi. Əslində bu müsahibə birbaşa həm ermənistan əhalisinə, həm də Qarabağ iqtisadi rayonunun erməni sakinlərinə ünvanlanmışdır. Cənab Prezident Azərbaycan və Ermənistan xalqları arasında birgəyaşayış prinsipləri əsasında münasibətlərin yenidən qurulması imkanlarını təhlil edərək Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasının mümkün yollarını açıq-aydın göstərmişdir. İndiki Ermənistanın bütün ərazisinin əslində tarixi Azərbaycan torpaqları olmasına rəğmən dövlətimizin başçısı birmənalı olaraq bəyan etdi ki, bizim heç bir ölkənin ərazisində gözümüz yoxdur və biz bundan sonra qətiyyən müharibə istəmirik.
Qarabağın erməni sakinlərinə gəlincə isə, onlar sadəcə Azərbaycan konstitusiyasını tanımaqla, yaşadıqları ölkənin qanunlarına tabe olmaqla və yalnız bu yolla öz normal gələcəklərini təmin edə bilərlər. Bütün Azərbaycan xalqının, eləcə də ölkəmizdə yaşayan bütün digər milli azlıqların malik olduqlarından artıq hüquq və imtiyazları isə onlara heç kim, hətta biz özümüz belə verə bilmərik.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı